Əsas səhifə » Riba (sələm, faiz) nədir və hansı növləri var?
Din

Riba (sələm, faiz) nədir və hansı növləri var?

Bakı, AzerVoice

“Riba” kəlməsi lüğətdə “artma, çoxalma və böyümə” kimi mənalara gəlir. Dilimizdə riba mənasına gələn sələm və faiz kəlməsindən istifadə olunur. Fiqh termilonogiyasında isə, “pul və standart (misli) malların bir-biri ilə dəyişdirilməsində tərəflərdən biri üçün şərt qoşulan əvəzsiz əlavə”ni ifadə edir. İslamın zühur etdiyi dövrdə borc verilən pula “rəsul-mal” (əsas pul), qoyulan müddət sonunda verilən əlavəyə isə “riba” (sələm, faiz) deyilirdi.

İslam bütün növləri və miqdarları ilə faizi qadağan etmiş və haram qılmışdır. Əslində Tövrat (Çıxış, 24/22) və İncil (Luka, 6/24-25) də faizi qadağan etmişdir

İslamda və əvvəlki ilahi dinlərdə sələmçilik istehsalat çərçivəsinə daxil olmayan, əmək və ya ticarət riski də olmayan bir “əsassız varlanma/ haqsız qazanc/zəhmətsiz gəlir” yolu sayılaraq qadağan edilmişdir. İlk əvvəl Məkkədə meracla bağlı hədislərdə sələmin pisləndiyi nəzərə çarpır. (Bax. İbn Macə, Ticarat, 58; Əhməd İbn Hənbəl, II, 353, 363) Həmiçinin, Məkkədə nazil olan bir ayədə sələmin savab qazandıran bir əməl olmadığına işarə edilirdi. (Bax. Rum, 30/39)

Mədinədə bu mövzu ilə bağlı ilk nazil olan ayədə isə, yəhudilərin başına gələn sıxıntıların səbəbləri arasında, onlara qadağan edildiyi halda faiz yemələri göstərilir. (Bax. Nisa, 4/160, 161. 192 . Bax. Ali-İmran, 3/130)

Bundan sonra Uhud müharibəsində (3/625) nazil olan bir ayə ilə möminlərə ilkin mərhələdə “qat-qat faizin yeyilməsi” qadağan edilmişdir.192 Xeybərin fəthində (7/629) nazil olan aşağıdakı ayələrdə qəti şəkildə faizə (sələmə) qadağa qoyulmuşdur:

“Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (Bəqərə, 2/275)

“Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!” (Bəqərə, 2/276)

“Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (Bəqərə, 2/278, 279)

Quranda qeyd edilən riba (sələm, faiz) o gün istifadə edilən qızıl və gümüş pul borclarından əmələ gələn və adına “cahiliyyə ribası” deyilən bir faiz növüdür. Hz. Peyğəmbərin (s.ə.s) aşağıdakı hədisi ilə bütün standart (misli) malların mübadiləsi də faizin əhatə dairəsinə daxil edilmişdir:

“Qızıl qızılla, gümüş gümüşlə, buğda buğda ilə, arpa arpa ilə, xurma xurma ilə və duz duzla misli mislinə, bərabər və nağd olaraq dəyişdirilə bilər. Fərqli növlər (cinslər) bir-biri ilə mübadilə edilərsə, nağd olmaq şərtilə istədiyiniz kimi satın (dəyişdirin)”. (Müslim, Müsaqat, 81; Əbu Davud, Büyu, 18; İbn Hənbəl, “Müsnəd”, V, 314, 320)

Bu hədisin Tirmizidəki rəvayətində belə bir əlavə vardır: “Hər kim bu kimi mübadilələrdə çox verər və ya alarsa, şübhəsiz, riba (sələm, faiz) etmiş olar”. (Tirmizi, Büyu, 23)

Hz. Peyğəmbər (s.ə.s) dövründə qızılın pul vahidi dinar (təqribən 4 qram qızıl), gümüşünkü isə dirhəm (təqribən 2,8 qram gümüş) idi. Bunlar öz növündən olan qızıl və ya gümüşdən olan bəzək əşyasının alğı-satqısında istifadə edildikdə, eyni miqdarda edilirdi. Odur ki, qızılı qızıl ilə və ya gümüşü gümüş ilə mübadilə edərkən hər hansı bir tərəfdən əlavəsi ilə dəyişmənin real faiz əmələ gətirdiyində şübhə yoxdur. Burada faiz qadağası dəyərini öz mədənindən alan “sağlam pulun” ortaya çıxmasını təmin etmişdir.

Bundan əlavə, Xeybər qənimətləri arasında olan qızıldan muncuqlu boyunbağını 12 dinara (təqribən 48 qr qızıl pul) satın alan Füzalə ibn Übeyd (r.a) bu alış-verişdən şübhəyə düşdükdə, bunu Allahın Elçisindən (s.ə.s) soruşmuşdur. Hz. Peyğəmbər (s.ə.s) boyunbağıdakı qızıl hissənin çıxarılaraq ayrıca çəkilməsini və qızıl pulla ağırlığının bərabərləşdirilməsini, geri qalan qisim üçün də qiymət qoyulmasını bildirmişdir. (Müslim, Müsaqat, 17.)

Buna oxşar bir hadisə də gümüş pulla əlaqədar nəql edilir. Müaviyənin Şamda vali olduğu vaxtlarda, gümüşü bir qabın gümüş pul olan dirhəmlə çəkilmədən mübadilə edildiyini görən səhabədən Übadə ibn Samit (r.a) buna etiraz etmiş və yuxarıdakı altı maddənin qeyd edildiyi hədisi nəql edərək müqaviləni pozmuşdur. (Müslim, Müsaqat, 80; İbn Macə, Müqəddimə, 2.)

Hz. Ömərin qızıl və gümüş pulu bir-biri ilə mübadilə etmək üçün o günün məzənnəsinə görə müqavilə bağlayan Malik ibn Övs ilə Talha ibn Übeydullahın alış-verişinə müdaxilə etdiyi rəvayət edilir. Çünki Talha dəyişdirdiyi pulun əvəzini nağd deyil, bir neçə saat sonra verəcəyini bildirmişdir. Bu hadisə ilə bağlı Hz. Ömər belə demişdir: “İki (müxtəlif) növ olan pulu mübadilə edərkən, alan əvəzini gətirmək üzrə səndən evə girib çıxana qədər izn istəsə də, vermə. Çünki sizin üçün “rəma”dan, yəni faizə düşməyinizdən qorxuram”. (Buxari, Büyu, 76; Malik, “Müvə?ə”, Büyu, 33. 201 . Buxari, Vəkalət, 11)

Zəmanəmizdə qızıl və ya valyuta satışlarında gündə bir neçə dəfə dəyişən məzənnə qiymətləri səbəbilə əksər hallarda bu kimi nisyələrin tərəflərdən biri üçün haqsız qazanca, zəhmətsiz gəlirə yol açdığı nəzərə çarpır. Məhz bu səbəbdən qızıl, gümüş və ya valyuta satışları nağd edilməlidir. Valyuta alğı-satqısı nisyə olduqda, nisyə verildiyi üçün hər hansı bir məbləğ əlavə edilməsə də faiz əmələ gəlir və buna “nəsiə ribası/nisyə faizi” deyilir.

Eyni növdən olan mallar arasındakı mübadilə mövzusunda Bilal əl-Həbəşidən (r.a) belə bir hadisə nəql edilir: “Hz. Bilalın Allahın Elçisinə (s.ə.s) bağışlamaq üzrə 2 kq xurmanı, 1 kq keyfiyyətli xurma ilə dəyişdirdiyini öyrənən Hz. Peyğəmbər (s.ə.s): “Vay vay! Məhz elə riba (sələm, faiz) budur. Bunu belə etmə və xurma satın almaq istədikdə, öz xurmanı sat və onun puluna istədiyin xurmanı satın al!”– buyurmuşdur”.201

Borcdan qazanılan gəlirə faiz deyilir. Mallar ya alıb-satmaq, ya da borc yolu ilə dəyişdirilir. Dəyişdirilən iki malın bir-birindən az-çox fərqi varsa, bu, alış-satış olur. Pul verib çörək almaq belədir. Bunun nəğdi də olur, nisyəsi də. Aralarında fərq olmayan mallar ancaq vədəli olaraq dəyişdirilə bilər. Bir kilə buğda verib sonra eyni xüsusiyyətləri daşıyan bir kilə buğda almaq belədir. Buna borc deyilir. Alış-verişdən gəlir qazanıla bilər. 75 qəpiyə alınan çörək nəğd 1 manata satılsa, 25 qəpik qazanc əldə edilir. Borcun isə nəğdi olmur. Heç kim əvəzini dərhal ödəmək şərtilə borc almır. Borc verilən şey nədirsə, qaytarıldığı zaman onun eynisi (ona bərabər olan şey) qaytarılmalıdır. Bundan başqa bir şərt qoymaq faizdir. Vəziyyət bütün borclarda eynidir. Peyğəmbər əleyhissəlam: “Faiz ancaq borcda olur” (Darimi, Buyu, 42)– deyə buyurmuşdur. Buna görə də borcdan gəlir qazanmağa əsaslanan hər bir iş faizli işdir.

Borcdan gəlir qazanıb mənfəət götürmək və mal alıb-satmaq bir-birindən fərqli işlərdir. “Alış-veriş də eynilə faiz kimidir”, – deyənlər şeytanın ağlını aldığı kəs kimi davranırlar. Alış-verişlə faizi eyni saymaq həqiqətən, böyük bir səhvdir.

100 qızılı bir ay müddətinə 101 qızıl müqabilində borc verən şəxs bu qızılların borclu şəxsin malları içərisində artıb-çoxalmağı üçün verir. Bu isə aşağıdakı ayənin bildirdiyi bir işdir:

İnsanların malları içində artması üçün faizə verdiyiniz şey Allah yanında artmaz (Rum, 30/39).

Faizə çevrilməməsi üçün borc verilən əsas malı, yəni, 100 qızılı almaq, qalan 1 qızılı isə almamaq lazımdır. Bu, aşağıdakı ayənin hökmüdür:

Yox, əgər tövbə etsəniz, mayanız [sərmayəniz] sizindir! Beləliklə, nə siz haqsızlıq edərsiniz, nə də haqsızlığa uğrayarsınız (Bəqərə, 2/279).

İslamdan əvvəlki ərəblərə cahiliyyə ərəbləri deyilir. Onlar borc verdikləri vaxt əsas mala toxunmadan, hər ay müəyyən bir gəlir qazanmaq şərtilə borc verirdilər. Borcun müddəti qurtaranda isə borclarını istəyir, əgər borclu şəxs borcunu ödəyə bilməsə, yeni bir faiz müəyyənləşdirib borcun müddətini uzadırdılar. (Fəxrəddin Ər-Razi, Əbu Abdulla M. İbn Ömər ibn Hüseyn (vəfat tarixi hicri 606/miladi 1209), Ət-Təfsirul-kəbir, VII cild, Misir 1357/1938, s. 91)

 Əgər borc vədəli satışdan meydana gəlirdisə, ödəmək vaxtı gəlib çatdığı zaman borclu şəxsdən: “Borcunu ödəyəcəksən, yoxsa artırırsan?”, – deyə soruşurdular. O da borcunu ödəyə bilirdisə, ödəyir, ödəyə bilmədiyi təqdirdə borcunun üstünə bir miqdar əlavə edilir və borc müddəti uzadılırdı. (İbn Rüşd (vəfat tarixi hicri 520/miladi 1126), Müqəddimat (Mudəvvənətul-kübra ilə birlikdə), III cild, s. 18, Xeyriyyə mətbəəsi, 1324; İbnul-Ərəbi, Əhkamul-Quran, Daru ihyail-kutubil-ərəbiyyə, 1957, I cild, s. 241. İbnul-Ərəbi burada nisyə alış-verişdən irəli gələn borcdan bəhs edir. Yuxarıya yazılan da budur)

Qurani-Kərim hər növ faizi qadağan etmiş və borcunu vaxtında ödəyə bilməyənlərlə əlaqədar olaraq aşağıdakı hökmü vermişdir:

Borclu olan şəxs çətin vəziyyətdədirsə, ona vəziyyəti düzələnə [yaxşılaşana] qədər möhlət verin! [Borcu] ona bağışlamağınız sizin üçün daha xeyirlidir. Kaş ki, bunu biləydiniz (Bəqərə, 2/280)!

Aşağıda misal verilən hadisələr bu ayələrin nazil olmağının səbəbi hesab edilir:

Səqif qəbiləsindən Əmr ibn Ümeyrin dörd oğlu Məsud, Abduyaleyl, Həbib və Rəbiə Məkkədəki Bəni Məhzun qəbiləsindən olan Muğirə oğullarına borc verirdilər. Peyğəmbərimiz Məhəmməd əleyhissəlam Taifi ələ keçirdiyi zaman (hicrətin 8-ci ili) bu qardaşlar müsəlmanlığı qəbul etdilər. Sonra Muğirə oğullarından faiz borclarını istədilər və bu hadisə aşağıdakı ayələrin enməsinə səbəb oldu:

Ey möminlər! Allahdan qorxun! Əgər həqiqətən iman gətirmisinizsə, faizdən qalan nə varsa, onları tərk edin [faizdən qalan məbləğdən vaz keçin]!

Əgər bunu etməsəniz, bilin ki, Allah və onun elçisi tərəfindən bir müharibə ilə üz-üzəsiniz! Yox, əgər tövbə etsəniz, mayanız [sərmayəniz] sizindir! Beləliklə, nə siz haqsızlıq edərsiniz, nə də haqsızlığa uğrayarsınız (Bəqərə, 2/278-279).

Bunun ardınca dörd qardaş belə dedi: “Biz tövbə edib, Allahın əmrinə itaət edirik. Bizim Allah və onun elçisi ilə müharibə etməyə gücümüz çatmaz!”.

Beləliklə, onlar faizdən vaz keçərək yalnız öz sərmayələrini almağa razı oldular və mallarını Muğirə oğullarından tələb etdilər. Muğirə oğulları isə çətin vəziyyətdə olduqlarını bildirib: “Məhsullar yetişənə qədər bizə möhlət verin”, – dedilər. Dörd qardaş möhlət vermək istəmədi. Bu da Allah tərəfindən belə bir ayənin nazil edilməsinə səbəb oldu:

Borclu olan şəxs çətin vəziyyətdədirsə, ona vəziyyəti düzələnə [yaxşılaşana] qədər möhlət verin! [Borcu] ona bağışlamağınız sizin üçün daha xeyirlidir. Kaş ki, bunu biləydiniz (Bəqərə, 2/280)!

 (Burada bəhs edilən hadisə üçün baxın: Fəxrur-Razi, VII cild, s. 106-110; Elmalılı Məhəmməd Həmdi Yazır, Haqq Dini, Quran Dili, İstanbul, 1935, I cild, s. 972.)

Qurani-Kərimdə qeyd edilən sələmlə bağlı məşhur İslam hüquqşünası İbn Rüşd (v. 520/1126) belə deyir: “Cahiliyyə ribası (sələmi, faizi) həmrəyliklə qəbul edilən sələm növüdür və qadağan edilmişdir. Onlar faizini almaq üzrə borc verər və möhlət verərdilər. Belə ki, borclu borcu aldığı şəxsə “mənə vaxt ver, mən də sənə olan borcumu artırım”, – deyərdi. Məhz Hz. Peyğəmbərin (s.ə.s) Vida həccindəki çıxışında qəsd etdiyi sələm növü, məhz budur”. (İbn Rüşd, “Bidayətül-müctəhid”, II, 111. 203 . Bax. İbn Abidin, “Rəddül-Muxtar”, IV, 24. Sual-Cavablar / 127)

Bununla yanaşı, Əbu Yusifə görə, qızıl və gümüş puldan başqa “fəls” adı verilən bürünc, nikel, qalay və digər metallardan emal edilmiş pullar, mədən dəyərindən başqa əlavə nominal dəyər üçün qızıl və gümüş kimi “sağlam pul” sayılmır. Bu səbəbdən bunlarla əmələ gələn borclarda, bu pulların indeksli olduğu qızıl və ya gümüş pula görə hesablanan “qiymət fərqi” faizin əhatəsinə daxil deyil. (Bax. İbn Abidin, “Rəddül-Muxtar”, IV, 24. Sual-Cavablar / 127)

Dövrümüzdə inflyasiyaya məruz qalan kağız pul sistemlərində bir aydan çox uzun müddətli borclarda, qızıl kimi sağlam bir pul vahidinə indeksləməklə hesablanaraq verilən borc pulun “dəyər itirməsi” və bunun borc alan tərəfindən borcunu qaytaran zaman nəzərə alınması faiz olmayıb məqsədəuyğundur bir davranışdır.

Dövrümüzdə inflyasiyaya məruz qalan kağız pul sistemlərində bir aydan çox uzun müddətli borclarda, qızıl kimi sağlam bir pul vahidinə indeksləməklə hesablanaraq verilən borc pulun “dəyər itirməsi” və bunun borc alan tərəfindən borcunu qaytaran zaman nəzərə alınması faiz olmayıb məqsədəuyğundur bir davranışdır.

Kağız pul ilk ortaya çıxdıqda, qızılı təmsil etmək üzrə kəsildiyi üçün qızıla məxsus gücü və xüsusiyyətləri onda görmək mümkün idi. Lakin bu pulun müxtəlif ölkələrdə qızılla olan əlaqəsi kəsilib gücü dövlətin iqtisadi gücünə bağlandıqda, (pul) iqtisadiyyatı güclü olan ölkələrin xeyrinə qızılla bağlı heç bir qarşılığı olmayan olduqca yüksək satın alma gücü əldə etmə vasitəsinə çevrildi.

Guman edirik ki, faiz ayələrinin sonundakı, “..əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (Bəqərə, 2/278, 279) prinsipi ilə yuxarıdakı altı maddə ilə bağlı hədisin işığında, qarşılığı olan və sağlam ölçüyə indekslənən bir pul vahidi İslam ölkələri tərəfindən ortaya qoyula bilər. Bu məsələlər üzrə mütəxəssis ilahiyyatçı və iqtisadçıların birgə fəaliyyəti nəticəsində bunu reallaşdırmaq mümkündür. (Bax. Hamdi Döndüren, “Çağdaş Ekonomik Problemlere İslami Yaklaşımlar”, s. 16, 57-86; Döndüren, “Ticaret Rehberi”, s. 111-129)

Məşhur təfsirçi-alim Almalılı Həmdi Yazır Bəqərə surəsi 275-cı ayəni təfsir edərkən faiz/sələm verənin nəinki axirətdə, bu dünyada da rahat yata bilməzlər deyir. Çünki verən pulun geri alıb-alabilməyəcəyindən, alan tərəf də ödəyib-ödəyə bilməyəcəyindən narahat olar. (Həmdi Yazır, Hak Dini Quran Dili, 2 cilt, 268)

Faizin qadağan edilməsinin səbəb və hikməti haqda bir çox fikirlər söylənmişdir. Bunlardan bəzilərini belə sıralamaq olar:

1. Faizli kreditdən istifadə edənlər faizi də qiymətə əlavə etdikləri üçün bu artıq sonunda istehlakçıdan (sərmayəsi olmayan, işçi, sənətkar, az gəlirli və kasıbın cibindən) çıxır. Beləcə zəngin daha zəngin, kasıb isə daha kasıb olur.

2. Faizli kapitalist sistemlərdə zəngin-kasıb arasındakı rifah fərqi getdikcə böyüdüyü üçün, nəhayət sosial böhranlara, anarxiya və üsyanlara səbəb olar.

3. Faizsiz kredit insanları bir-birinə yaxınlaşdırarkən, faiz uzaqlaşdırır, düşmənlik yaradır.

4. Faizçilik cəmiyyət içində faiz yeyib yatan, işsiz-gücsüz ömür sürən, cəmiyyətə xidmətdən uzaq yaşayan bir sinfin yaranmasına səbəb olur.

5. Faizli kredit ilə çalışan şəxs gecə-gündüz işləyər ruzi dalınca gedər, faiz verən isə həm zəhmətsizdir, həm də narahat deyil. Bu hal insanların ədalət duğusunu zədələməkdə, əxlaqa və insanlararası münasibətlərə ziddir.

6. Faiz qadağasının əhatəsi: Necə ki, içkinin günahı yalnız içənin üzərində qalmırsa, faizin vəbalı da təkcə onu yeyənə aid deyil. Faizi ödəyən, müqaviləni yazan və şahidlik edənlər də günah qazanırlar. Hədisdə: “Allah-Təalanın faizi yeyəni, yedirəni, şahidlərini və yazanı lənətlədiyi” bildirilmişdir. (Buxari, Büyu, 24, 113; Əbu Davud, Büyu, 4.)

Ayrıca faiz borcunu ödəyə bilmədiyi üçün dağılan ailələr, iflas edən şirkətlər, müflis olan insanlara baxdıqda Allah Təalanın qadağan etdiyi faizin cəmiyyəti necə parçaladığı, təbəqələşmə yaratdığı  açıqca müşahidə edilir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki,

  1. Qurani-Kərimin və Rəsulullahın (s.ə.s) açıqca qadağan etdiyi faiz ictimai-sosial zərərlərinə görə haram edilmişdir.
  2. Şəxslər, ailələr, şirkətlər ehtiyacı olan bir şeyi alarkən mütləq öz büdcələrini nəzərə almalı maddi güclərinin əl-verdiyi nisbətdə xərcləmə etməli, sahib olduqları ilə qane olmalıdırlar. Lüks, bahalı, əlavə xüsusiyyətləri olan ancaq gəlirləri ilə uzlaşmayan, necə olsa kreditlə alar, hissə-hissə ödəyərəm deyərək faizə girməməlidirlər. 

Digər Kateqoriyalar

2024 © Azervoice