Bakı, AzerVoice
Qurani-Kərimi ilk dəfə bir kitab halına toplayan ilk xəlifə Əbu Bəkr olub. Bu isə peyğəmbər aleyhissalamın ölümündən sonra ikinci ildə baş verib. Səbəbi isə həmin ildə, yəni hicri 12-ci ildə baş vermiş Yəməmə döyüşü idi. Bu döyüşdə Quranı əzbər bilən bir çox səhabə öldüyü üçün Əbu Bəkr Quranı bir yazılı kitab halında birləşdirmək qərarı alır.
Beləliklə də hicri 12-ci ildə Əbu Bəkrin əmri ilə Zeyd bin Səbitin başçılıq etdiyi az sayda səhabədən ibarət olan bir “komitə” qurulur. Bu “komitə”nin işi vəhy katiblərini, vəhyin yazıldığı materialları və Quran hafizlərini toplamaq və Quranı əsaslı şəkildə, ortada heç bir şəkk buraxmayacaq şəkildə bir kitabda toplamaq idi. Quranı toplamış səhabələr Quranı bir-başa peyğəmbərdəncöyrənmiş səhabələr idilər və peyğəmbərin həyatının sonuncu ilində Quranı peyğəmbərin onlara öyrətdiyi kimi, tərtibi ilə, qiraətləri ilə bir kitab halına gətirdilər.
Bu Qurana da qaynaqlarda keçdiyi kimi icma ilə “mushaf” adını verdilər. Bu mushd xəlifə Əbu Bəkr’də qaldı, daha sonra o mushafı xəlifə Ömər saxladı və xəlifə Ömər vəfat etdikdə mushafı qızı Hafsaya tapşırdı.
Beləliklə də İslamda hər zaman Quranın yalnız bir mushafı olub, yəni yalnız bir versiyası olub, xristianlardakı kimi yüzlərlə versiya olmayıb. Lakin Ömərin zamanında insanlara öz mushaflarını tərtib etmək qadağan deyildi. Tərtib edilmiş bəzi mushaflar əsas mushafdan bir neçə nöqtədə bəzən fərqlənirdilər:
a) Şəxsi mushaflarda imla xətaları olurdu, çünki tərtib edənlərin hamısı işin əhli olmayıblar.
b) Bu mushaflarda bəzən ayələrin təfsiri də mushafın içinə daxil edilirdi, ayələrin nazil olma səbəbləri əlavə edilirdi.
c) Lakin mushaflar arasındakı ən əsas fərq Quranın fərqli ləhcələrdə oxunması idi, çünki peyğəmbər demişdir: “Quran yeddi hərf üzərində nazil edilmişdir.” Bu isə ərəblərin fərqli ləhcələrindən irəli gəlirdi və ilahi kitab ərəblərin Quranı hifz etməklərini asanlaşdırmaq üçün onlara Quranın yeddi fərqli ləhcədə oxunmasını müyəssər etmişdi və peyğəmbər də buna icazə vermişdi. Ləhcələr arasındakı ən əsas fərqlər isə çox zaman hərflərdəki fərqli tələffüz halları, sözlərin irablarındakı imkanlar idi və bəzi hallarda isə sinonim sözlərin işlənməsi idi.
Ona görə də Əbu Bəkrin zamanında cəm edilmiş ana mushafdan başqa bəzi səhabələrin fərqli ləhcələrdə yazdıqları mushaflar da var idi. Ərəblər üçün bu mushafların mövcudluğu heç bir problem təşkil etmirdi, çünki onlar ləhcələrdəki fərqləri başa düşürdülər və Quranın fərqli ləhcələrdə gəldiyin qəbul edirdilər.
Lakin əcəmin avam kütləsi bu nöqtədə ixtilafa səbəb olmağa başladı. Bu mushafları səhabələr və ya başqaları İslam aləminin fərqli yerlərinə götürmüşdülər. Lakin bəzi əcəm torpaqlarında (məşhur görüşə görə Azərbaycanda) müəyyən bir ləhcə üzərində yazılmış mushafa təəssübkeşlik başladı. Bunun gələcəkdə təhlükə olacağını və insanların bunun üstündə ixtilaf edəcəyini görən Huzeyfə bin əl-Yəmən o zaman xəlifə olan Osmana məktub yazır və bu barədə fikrini ona bildirir. Bunun üzərinə xəlifə Osman sözünü etdiyimiz bu az sayda mushafın bir arada toplanaraq yandırılmasını əmr edir və qərar verir ki, bir neçə mushaf yazılsın və İslam torpaqlarına həmin mushaflar göndərilsin. Osman Ömərin qızı Hafsadan ana mushafı göndərməsini xahiş etdi və sonra o mushafın üzü bir neçə nüsxəyə köçürüldü və fərqli ölkələrə göndərildi və birini özündə saxladı. Bu dediklərimiz İmam əl-Buxari’nin “əs-Sahih” kitabında bu cür zikr olunur:
“Huzeyfə bin əl-Yəmən Osmanın yanına gəldi və o zaman Ermənistan və Azərbaycanın fəthində İraq əhli ilə birlikdə şam əhli ilə döyüşürdü. Onların qiraətdə ixtilaf etmələri Huzeyfəni qorxutdu və Huzeyfə Osmana dedi: “Ey möminlərin əmiri, bu ümmət Allahın kitabı haqqında xristian və yəhudilərin ixtilaf etdikləri kimi ixtilaf etmədən öncə onlara yetiş!” Bunun üzərinə Osman Hafsaya xəbər göndərdi ki, “bizə səhifələri göndər ki, onları bir neçə mushafa köçürək, sonra onu sənə qaytaraq.” Hafsa onu Osmana göndərdi. (Osman da) Zeyd bin Səbit, Abdullah bin əz-Zubeyr, Said bin əl-As və Abdurrahmən bin əl-Həris bin Hişəmə əmr etdi və onlar bunu bir neçə mushafa köçürdülər. Osman bunlardan qureşyli olan üçlüyə (yəni Abdullah, Said və Abdurrahmənə) dedi: “Əgər siz və Zeyd bin Səbit Qurandan bir şeydə (yəni ləhcədə) ixtilaf etsəniz o zaman onu Qureyşin dilində (yəni ləhcəsində) yazın, çünki Quran onların dilində nazil olub.” Belə də etdilər və səhifələri bir neçə mushafa yazdılar və Osman səhifələri Hafsaya qayratdı. Sonra hər üfüqə köçürdüklərindən bir mushaf göndərdi və ondan savayı bir səhifədə və ya mushafda yazılmış bütün Quranların yandırılmasını əmr etdi.”
Beləliklədə buradan başa düşürük ki, Osman Quranın ləhcə baxımından fərqləndiyi yerlərin yazılarkən yalnız bir ləhcədə yazılmasını istəmişdir və bu, qureyşlilərin ləhcəsi olmalı idi, çünki peyğəmbər qureyşli idi. Beləliklə də rəsmi olaraq Quran yalnız bir ləhcədə olacaqdı, lakin qiraətdə isə əvvəlki kimi yeddi fərqli ləhcədə oxunmasına icazə var idi.
Beləliklə də təqdim etdiyimiz bu məlumatlardan anlaşıldı ki, peyğəmbərin ölümündən bu günə qədər müsəlmanların həmişə yalnız bir Quranı olub və Quranın başqa versiyaları olmayıb. Bu, müsəlmanların və peyğəmbərin səhabələrinin ittifaqı ilə kitab halına salınmış, Əbu Bəkrin zamanında Əbu Bəkrdə, Ömərin zamanında Ömərdə, Osmanın zamanında Hafsada qalmış, daha sonra isə Osmanın əmri ilə üzü köçürülərək fərqli ölkələrə paylanmış Quran idi.
Onu da əlavə edək ki, Osmanın zamanında yazılmış mushaflardan bəziləri bizim zamanımıza qədər gəlib çıxıb. Onlardan biri Almaniyanın Tübingen universitetində saxlanılır və bu nüsxə Prussiya konsulu Johann Gottfried Wetzstein’in şəxsi kolleksiyasında olub və miladi 1864-cü ildə Tübingen universitetinə hədiyyə edilib. Son illərdə Quran üzərində araşdırma aparan Coranica layihəsi çərçivəsində bu nüsxələrin dəqiq tarixi müəyyən edilmişdir və C14 testlərinin nəticəsi onu göstərir ki, bu nüsxə miladı 649-cu il ilə 675-ci il arasına aiddir. Yəni peyğəmbərin ölümündən 17- 43 il içində yazılıb. Bu isə bu mushafın Osmanın zamanında yazıldığını göstərir.
Tübingen universiteti bu barədəki məlumatı öz səhifələrində dərc ediblər: http://www.uni-tuebingen.de/landingpage/newsfullview-landingpage/article/raritaet-entdeckt-koranhandschrift-stammt-aus-der-fruehzeit-des-islam.html