Əsas səhifə » Oruclu halda müayinə,müalicə və dərman qəbulu qaydaları
Din

Oruclu halda müayinə,müalicə və dərman qəbulu qaydaları

Bakı, AzerVoice

İslam istər ibadət istər insanlarla münasibətlərə dair hər hansı işə başlamadan öncə görmək istədiyimiz işin hökmləri ilə tanış olmağı bizə emr etmişdir.

İşə başladıqdan sonra xətalardan yayınmaq və əməlimizə günah bulaşmaması üçün bu qaydaya əməl etmək vacibdir. Ramazan orucu və orucu pozan amillər haqda ilk üç məqaləmizdə təfsilatlı şəkildə toxunmuşduq. Oruc tutan bacı və qardaşlarımız orucun hökmlərini bilmirlərsə öncəki üç məqaləni oxuyaraq məlumatlana bilərlər.

Bu məqaləmizdə biz, oxucunun diqqətini çəkə biləcək orucla əlaqəli bir sıra məsələlərə, o cümlədən müasir tibbi müalicə və müayinə prossesi ilə bağlı, habelə tibbi pereparatların istifadəsinə yönəlik hökmləri nəzərinizə çatdıracağıq.

Niyyətin orucun əsaslarından olduğunu bildirmiş, niyyətsiz və ya şəkk-şübhəli niyyətlə tutulan orucların sayılmayacağını və nəticədə də həmin günün orucunu qəza olaraq tutmağı vurğulamışdıq.

Oruc tutmaq istəyən bir çox xanımları maraqlandıran məsələlərdən biri də, qadının hələ heyizli ikən ertəsi gün üçün niyyət etməsi məsələsidir. Burada üç ehtimal mövcutdur:

Əgər qadın adət günlərini on beş günə tamamlayıbsa, on altıncı gün istihazə (damarlardan gələn potoloji qan) qanı sayıldığına görə ertəsi günə qanın davam etməsinə əhəmiyyət verməyərək niyyət edərək oruca başlamalıdır. Əgər qadının adət halı, yəni heyizli olma günləri sabitdirsə və bu günlər tamamlanmışsa, müsəlman xanım ertəsi günün orucuna niyyət etməlidir. Bir şərtlə ki, heyiz (Menstruasiya) qanı və ona aid ifrazatlar sübh azanından öncə tam şəkildə kəsilmiş olsun. Əks halda, sübh əzanından sonra hər hansı zaman kəsimində bir damcı belə qan davam edərsə oruc sayılmaz. Adət halı günləri sabit olmayan qadınlar, yəni fərqli fərqli aylarda bəzən yeddi, bəzən daha az və ya daha çox gün sayı qədər heyiz halı yaşayanlar, qandan tam kəsilməyənə kimi oruca başlamamalıdırlar.

Digər bir məsələ, oruclarını üzrsüz səbəblərdən pozan insanların orucu ilə bağlıdır.

Belə vəziyyətlərdə orucunu pozan şəxs, məsələn bilərək yeyib içən və ya mastrubasiya edən şəxs günah qazanar və günün sonuna kimi orucunu davam edib tutmalı olar. Bu oruc əslində keçərsizdir və növbəti aylarda da qəzası tutulmalıdır. Lakin ramazan günlərində oruc saatlarında İslamla şərəflənən qeyri müsəlman, həddi büluğa yetişən gənc, günlərlə davam edən komadan ayılan xəstə, əqli qüsuru aradan qalxan insanlar günəşin qürubuna kimi oruclarına davam etmək məcburiyyətində deyillər.

Boyunlarına qüsl vacib olan şəxslər daha yaxşı olar ki, sübh əzanına qədər qüsullarını alsınlar. Qüsl almanı sübh əzanından sonraya saxlamaq orucu pozmaz. Həmçinin oruç əsnasında ihtilam olan (yuxulu vəziyyətdə spermanın xaric olması) şəxs qüsl almanı gecikdirsə belə orucu pozulmaz. Yeri gəlmişkən, oruclu ikən sərinləmək və ya rahatlanmaq məqsədi ilə çimmək də orucu pozmaz. Bu vəziyyətdə orucu pozan amillərə diqqət etmək, qulaq, burun,boğaz kanallarından içəri bir şeyin qaçmamasına çalışmaq lazımdır. Çimməyi iftar saatından sonraya ertələmək isə daha məqsədə uyğundur.

Təyyarə ilə səfər edən şəxslər, üzərində olduqları şəhərin imsak saatı ilə oruca başlamalı, iftarı isə günəş diskinin təyyarə göyərtəsindən görünməyəcək vaxtda açmalıdırlar. Hər hansı yerüstü minik vasitərlərindən istifadə edənlər isə keçdikləri şəhərlərin imsak-iftar saatlarına uymalıdırlar. Səfərdə olanın nə zaman oruc tutma rüxsətindən istifadəsi qaydalarını öncəki məqaləmizdən oxuya bilərsiniz.

Hər hansı bir ölkənin təqvimi ilə oruca başlayanlar, daha sonra səfər etdikləri ölkənin təqviminin həm imsak-iftar saatına, həm də bayram gününə uymalıdır. Belə olan halda əgər səfər etdiyi ölkənin bayram günü, səfərə çıxan oruclu şəxsin iyirmi doqquzuncu gününə təsadüf edərsə, yerli xalqla birgə oruc tutmadan bayram edər və daha sonra oruc günlərini iyirmi doqquzuncu günə tamamlamaq üçün bir gün qəza orucu tutar. Çünki hicri təqvimində aylar ya iyirmi doqquz ya da otuz gün olur.
Əgər səfər edilən ölkənin oruca tutma günü sayı otuz gün, lakin səfərə çıxan oruclunun otuz birinci günü olarsa, yenə də onlarla bərabər oruca davam etməli və bayramı da onlarla bərabər qeyd etməlidir.

Oruc əsnasında gəyirmək orucu pozmaz. Bu zaman boğazda ixrac edilməsi mümkün səviyyəyə gələn bir maye və ya yemək dənəcikləri varsa, onu mütləq xaric etmək lazımdır. Əks halda bilərək udulan şeylər orucu batil edər.

Tibbi müayinə, müalicə və dərman preparatlarının oruclu ikən istifadəsi qaydaları:

Hər şeydən öncə qeyd edək ki, oruclu insan (ilk məqaləmizdə qeyd etdiyimiz kimi) daxilə götürən burun, boğaz, qulaq və qasıqaltı nahiyədəki anal dəlikdən hər hansı bir şeyin içəriyə nüfuz etməsindən qorunmalıdır. Əgər oruc əsnasında iftar saatı sonrasına ertələməsi mümkün olmayan müalicəvi tibbi prosedurlardan birini etmək üçün aşağıdakı hökmləri nəzərə almaq lazımdır:

  • Əzələ və ya damara iynə vurmaq orucu pozmaz. Lakin qidalandırıcı iynələr orucu pozan amillərdəndir.
  • Mədə-bağırsağa kamera başlıqlı zond salmaq orucu pozmaz. Lakin bu zaman hər hansı mayeni qəbul etmək orucu pozar.
  • Asma xəstələrinin nəfəsi tənzim edən və ya rahatladan dərman preparatlarından və digər xəstələrin burun spreylərindən istifadəsi mümkündür. Lakin boğazda toplanan maddəni udmamaq lazımdır. Əks halda oruc pozular.
  • Anal dəlikdən zondların müalicə və müayinə üçün yeritmək orucu pozma. Həmçinin qadınlarda uşaq borusuna yuxarıda qeyd edilən məqsədlə (müalicə və müayinə) əl və ya alətlərlə müdaxilə də orucu pozmayan şeylərdəndir.
  • Süni oksigen balonlarından istifadə etmək də orucu pomaz. Lakin ciyərlərə dərman qəbulu üçün nəzərdə tutulan inqolasiya cihazlarının istifadəsi orucu pozur.
  • Dilaltı sovrulan dərmanlardan da boğaza bir şey getməmək şərti ilə istifadəsi mümkündür.
  • Narkoz ilə yatırılmaq da orucu pozmaz.
  • Damar vasitəsi ilə ürəyə kamera və ya stend yeritmək, kəllə-beyin, iç orqanlardan, alətlər vasitəsi ilə biopsiyası və ya nümunə alınması da orucu pozmayan şeylərdəndir.
  • Çoxlu miqdarda maye istifadəsinə görə böyrəklərin dializi orucu pozar.
  • Həmçinin çoxlu miqdarda maye qəbulundan dolayı qan vurdurmaq da orucu pozan amillərdəndir.

Bir daha qeyd edək ki, yuxarıdakı müayinə və müalicə prosedurlarını iftar saatından sonraya saxlamaq mümkündürsə, onda oruclu saatlarda bu işlərdən qaçmaq lazımdır.

Digər Kateqoriyalar

2025 © Azervoice