Bakı. AzerVoice
Oruc dinimizin əsaslarındandır. İslam dininin bir din kimi mövcud olmasını təmin edən bəzi prinsiplər mövcuddur. Allah-Təalə hökmləri nazil edərkən (endirərkən) dinimizdə bizə çətinlik yaradacaq heç nə əmr etməmişdir. Dolaysıyla çətin vəziyyətlərdə, insanın həyatı və ya bədən üzvlərini təhlükə altına ala biləcək hallarda dinimizin asanlaşdırıcı xüsusiyyətə malik “rüxsətlər” prinsipi meydana gələr.
Rüxsətlərdən istifadə hökmləri:
Qeyd etdiyimiz kimi bəzi hallarda müsəlman qadın və ya kişi rüxsətdən istifadə edərək oruc tutmaya bilər. Bu kateqaoriyaya hamilə və südəmizdirən qadınlar, taqəti yetməyən yaşlılar və ağır işlərdə işləyən işçilər daxildirlər. Qeyd edilən kateqoriyaya aid insanlar rüxsətdən yararlanmalarına görə bəzi halarda “FİDYƏ” çıxartmalı olacaqlar. Qeyd edilən kateqoriyaya bir də boynunda oruc qəzası olaraq vəfat edənlər və ikinci ramazan ayına qədər qəzalarını gecikdirən insanlar da daxildirlər.
FİDYƏ, rüxsətdən istifadə edənin bu asanlaşdırıcı hökmdən istifadə etməsi müqabilində malından çıxarması gərəkən yeməyin adıdır. İrəlidə fidyənin növü və miqdarı kimi təfsilatlı hökmlərinə toxunacağıq. İndi isə oxucunu fidyəni vacib edən hallarla tanış edək.
Hamilə və ya südəmizdirən qadınlar, orucu məhz öz həyat və sağlamlıqlarına təhlükə yaranabiləcəyindən dolayı açmaq məcburiyətində qalarlarsa bu halda fidyə çıxarmaq vacib olmaz, yalnız sonrakı günlərdə qəza orucu tutmaqla yetinərlər. Həmçinin oruc tutmama səbəbi öz həyat və sağlamlıqları ilə yanaşı həm də bətndəki uşaq və ya südəmər uşağın həyatna , eləcə də, sağlamlığına yaranabiləcək təhlükədən dolayıdırsa hökm yenə də eyni olar.
Lakin ananın oruc tutmama səbəbi özü deyil, məhz uşağıdırsa, yəni oruc tutması halında ana bətnindəki uşaq və ya südəmər uşağın həyat və sağlamlığına dair təhlükə yaranacaqsa bu zaman tutulmayan hər bir gün üçün fidyə çıxarmaq vacib olar. Bu məsələdə yalnız müsılman olan mütəxəssis həkimin raportları əsas alınar.
Oruc tutmağa taqəti yetməyən ahıl yaşlılar da dinin asanlaşdırıcı rüxsətindən istifadə edə bilərlər. Bu kateqoriyaya girən yaşlı nənə və babalar ömürlərinin qalan günlərində orucun qəzasını tuta bilməyəcəklərindən dolayı, tutmadıqları hər bir gün üçün fidyə verməlidirlər.
Zavodlarda, fabriklərdə, şəxsi təsərrüfatlarda və ya günəmuzd fəaliyətlərdə çalışan işçilər, işlərini iftardan sonraya saxlaya bilmirlərsə oruc tutmaya bilərlər. Belə halda onlar, günə axşamdan niyyət edərək oruclu başlamalı, həyat və sağlamlıqlarına təhlükə yaranan təqdirdə və ya şiddətli dərəcədə aclıq və susuzluq kimi səbəblərdən taqətdən düşdüklərində oruclarını pozub sonrakı günlərdə fidyə çıxarmadan yalnız qəza orucu tutmalı olacaqlar.
Oruc qəzasını tutma imkanı olan lakin tutmamış vəfat edən şəxslərin geriyə qalan miraslarından ilk növbədə, qəza günü sayı qədər fidyə hesablanıb çıxarılmalıdır. Bunun əvəzinə vəfat edənin ailə üzvləri və ya qohumlarından bir və ya bir neçə insan vəfat edənin əvəzinə gün sayı qədər oruc tuta bilərlər.
Əgər qəzası olan insanın orucunu pozma səbəbi;
a) dinimizin məqbul gördüyü xəstəlik, hamiləlik və s. kimi üzrlərdən biridirsə və daha sonra da b) yetəri gün qədər həyat yaşamayıb vəfat edibsə
c) və ya ramazandan sonra da üzrü davam etdiyi üçün qəza orucu tutmayıb və sonrasında vəfat edibsə boynunda oruc qəzası qalmış sayılmaz, nə də fidyə çıxarılmaz.
Məsələn ramazan bayramı gününün ertəs vəfat edən və ya ramazan ayından vafat gününə qədər xəstəliyi davam edən şəxslər kimi.
Lakin orucu pozma səbəbi dinin məqbul saydığı üzr deyilsə, belə hallarda vəfat edənin malından qəzasını tutmadığı gün sayı qədər fidyə çıxarılmalıdır.
Ramazan orucunu istər məqbul səbəblə və istərsə də üzrsüz pozan müsəlman kişi və qadın növbəti ramazan ayına qədər qəza oruclarını tutmalıdır. İnsan öz əcəlinin nə vaxt tamamlanacağını bilmədiyinə görə bu məsələdə tələsməsi bəyənilən əməllərdəndir.
Əgər bir insan növbəti ramazan ayı yetişdikdə üzrsüz səbəbdən qəza oruclarını tutmamışsa, sırada olan ramazan ayınının orucunu tutar və ay çıxdıqdan sonra da keçən ilki qəza oruclarını tutmalı olar. Qəza orucunu üzrsüz gecikdirdiyinə görə də hər bir gün üçün ayrıca fidyə çıxarmalıdır.
Dinimizdə bir kasıb insan üçün fidyənin miqdarı 650-750 qram olaraq təyin edilmişdir. Hz.Peyğəmbər əleyhissalam və onun səhabəsi zamanında əsas yemək rasyonuna xurma, kişmiş, buğda və s.kimi ərzaqlar daxil olduğuna görə, fidyə də qeyd edilən ərzqlardan çəki ilə hesablanırdı.
Günümüzdə yemək ərzaqları fərqli olduğuna görə fidyəni istifadə etdiyimiz ərzaqlardan çıxarmağımız daha məqsədə uyğun olar. Bu zaman bir fidyə, ərzaq və ya bişmiş şəkildə himayəmizdə olmayan kasıb insana verilə bilər. Otuz günün fidyəsini yalnız bir və ya otuz kasıb insana vermək məqbul olduğu halda, bir fidyəni iki və ya daha çox insana vermək məqbul sayılmamışdır.
Fidyə yuxarıda da qeyd ettiyimiz kimi yalnız boynuna vacib olan şəxsin malından çıxarılmalıdır. Valideynin fidyəsini çıxarmaq övladına, həyat yoldaşının fidyəsini çıxarmaq ərinə və övladının fidyəsini çıxarmaq da atasına vacib olmaz. Amma bu şəslər könüllü şəkildə yaxınlarının əvəzinə fidyə çıxarmış olarlarsa keçərli sayılar.
Fidyə çıxarmağa gücü yetməyən kasıb müsəlmanlar üzrlü sayılar və bu borc boyunlarında ölənə kimi qalmağa davam edər. Sonrakı illərdə əgər maddi vəziyətləri yaxşılaşarsa ödəyə bilmədikləri fidyəni çıxarmalı olacaqlar.
Rüxsətlərlə əlaqəli digər məsələləri də yeri gəldiyi üçün aşağıda qeyd edirik:
- Səksən beş km-dən artıq məsafəyə səfərə çıxan insanlar oruc tutmaya bilərlər. Bu rüxsətdən istifadə etmək üçün səfərə sübh əzanından öncə çıxmaq şərtdir. Səfərə sübh əzanından sonra çıxan insanlar, günə axşamdan edilən oruc niyyəti ilə başlamalı və yalnız səfər əsnasında şiddətli dərəcədə aclıq-susuzluqdan taqətsiz düşdüklərində oruclarını açma rüxsətindən sitifadə edə bilərlər. Səfərdən qayıdıb səfəri statusudan çıxan şəxslər, yəni qalacağı yerə yetişənlər öncəki səfər statusunu nəzərə alaraq orucları poza bilməzlər. Sübh əzanından öncə səfərə çıxanlar səfərdə oruclarına davam edə və ya oruclarını aça bilərlər. Əgər səfər məşəqqətli deyilsə oruca davam etmək daha yaxşıdır.
- Oruc vaxtı xəstələnən insanlar oruclarını poza bilərlər. Xəstə insanlar axşamdan niyyət etməyə, günü oruclu başlamaya bilərlər. Lakin xəstəliyi get-gəlli olan insanlar sübh əzanından öncə xəstəlik dayanıbsa oruc niyyətini etməli və oruca başlamalıdırlar. Daha sonra xəstəlik başlayarsa oruclarını aça bilərlər. Məsələn qızdırması qalxıb enən insanlar kimi.
- İslami həyat tərzini seçmiş mütəxəssis həkimlər tərəfindən xəstəliyinin heç vaxt sağalmayacağını öyrənən insanlar oruc tutmaya bilərlər. Belə xəstələr hər gün üçün fidyə çıxarmalıdırlar.
- Başqasının həyatını qurtarmaq üçün orucu pozmaq zərurəti yaranarsa, orucu pozub sonrakı aylarda orucun qəzasını tutmaq lazımdır.