Bakı,AzerVoice
Hər il hicri qəməri təqvimi ilə oruca başladığımız ramazan ayı bu il miladi ilinin mart ayına təsadüf edir. Ramazan ayı orucu Allahu təalə tərəfindən həddi büluğ yaşına çatmış hər bir müsəlman kişi və qadına vacib qılınmışdır. Hz. Adəm əleyhissalamdan hz.Məhəmməd əleyhissalama qədər bütün İslam peyğənbərlərinin şəriətində mövcud olan oruc ibadəti ilk növbədə insanın özü üçün lazım olub, onu mənəvi cəhətdən təmizləməkdədir. Oruc, dinimiz tərəfindən müəyyən edilmiş şəxslərə, oruc üçün əlverişli günün- sübh əzanından günəşin qürubuna qədərki bir vaxtda, xüsusi qaydalara əməl edərək imsak etməsidir.
Oruclu şəxs sübhdən günəşin qürubuna qədərki vaxtda yemək-içmək və cinsi münasibətdən uzaq durmalı, orucunun savabını azaldacaq günah işləri də tərk etməlidir. İslamın və müsəlman olmağın beş əsas şərtlərindən biri olan oruc ibadəti və bu ibadətin praktik hökmlərini biz üç əsas başlıq altında ələ alacağıq.
1. Orucun kimlər üçün vacib olması xüsusları, rükünləri,
şəriət tərəfindən qəbul şərtləri və orucu pozan
amillər.
2. Orucunu pozan və ya orucu pozulan şəxslərin etmələri
gərəkən davranışlar.
3. Oruc tuta bilməyən hamilə və südəmizdirən qadınlar,
xəstə və yaşlılar, ağır işlərdə işləyən insanlara yönəlik hökmlər
və tələblər.
Birinci başlıq: Oruc kimlərə hansı şəkildə vacib olmasıyla
bağlı hökmlər
Oruc həddi büluğa çatmış, əqli cəhətdən sağlam, səfərdə olmayan,
fiziki cəhətdən oruc tutmağa qadir və şəriət qaydaları ilə müəyyən
edilmiş üzrləri olmayan hər bir kişi və qadına vacibdir. Dinimiz
hələ həddi büluğ yaşına çatmamış uşaqlara, əqli qüsuru olanlara,
səfərdə olanlara, fiziki baxımından orucu tutmağa gücü yetməyənlərə
və aylıq adət halı keçirən heyizli qadın və doğuş halı sonrası
günlük analıq halı yaşayan analara orucla mükəlləf etməmişdir. Oruc
dinimizə görə axşam namazının əzanından sonra ertəsi günün səhəri
sübh əzanına qədər olan vaxt ərzində niyyət edilməlidir. Sübh
əzanından sonra edilən niyyətlə oruc tutmaq dinimizdə məqbul deyil.
Sübh əzanına qədərki bir vaxtda oruca niyyət edib gecə yatıb axşam
əzanından sonra ayılan insanın orucu keçərli sayılar. Lakin
niyyətdən sonra sübh və axşam namazları arasında koma vəziyətində
qalan və bu iki vaxt arasında özünə bir anlıq belə gəlməyən insanın
orucu keçərli olmaz.
Belə xəstələr ramazan ayından sonra buraxdıqları gün sayı qədər
qəza orucunu tutmalıdırlar. Oruc gününün sübh və axşam namazları
arasında spirtli içkilər nəticəsində yaranan sərxoşluq vəziyyətinə
düşən insanın da orucu batil olar və sonrakı aylarda qəza orucu
tutmalıdır. Oruca başladıqdan sonra aylıq adət halı görən heyizli
qadın orucunu açmalı və buraxdığı gün sayı qədər daha sonrakı
aylarda qəza oruclarını tutmalıdır. Heyizli halda oruca davam etmək
isə ona savab qazandırmaz, əksinə günah işləmiş olar. Belə günlərdə
qadınlar oruc tutmamaqla Allahu təalənin əmrinə əməl etdiklərinə
görə səvab qazanarlar. Oruclu ikən ağız, burun, qulaq və anal dəlik
keçidlərindən içəriyə girən cismlər ( imalə və dırman şamlar)
qidalandırıcı olmasa belə orucu pozar. Bu qaydadan istisna olan
halları isə aşağıdakı kimidir:
- Ətir qoxulamaq, yolun tüstüsünü qoxulamaq və ya udmaq, unun havadakı tozunu udmaq, boğaza milçək və ya ağcaqanadın girməsi kimi hallar orucu pozmaz.
- Məxtbəxdə iftar hazırlayan oruclu qadın, duz istiyot miqdarını yoxlamaq üçün udmamaq şərti ilə yeməyin dadına baxıb onra onu tüpürə bilər.
- Yuxarıda qeyd etdiyimiz dəliklər xaric digər dəri məsamələri və ya yara dəliklərindən orqanizmə nüfuz edən cismlər orucu pozmaz. Yəni nəmləndirici kremlər, göz damcıları, göz sürmələri, dodaq boyaları, qidalandırıcı olmayan iynələr orucu pozmayan işlərdir.
- Həmçinin ağızsuyu və ya tüpürcəyi ağızda toplayıb sonra udmaq belə orucu pozmaz.
- Qarındolusu belə olsa unudaraq və ya orucu pozub pozmama hökmünü bilmədiyi halda oruclunun yeyib içməsi də orucu pozmaz.
- Oruclu olduğunu unudaraq və ya orucu pozduğu hökmü bilməyərək həyat yoldaşı ilə cinsi münasibət quran insanın orucu da pozulmamış sayılır.
- Həyatına və sağlamlığına hədə-qorxu gəlinən insan bu təhdiddən dolayı orucunu pozma məcburiyyətində qalsa belə orucu pozulmaz.
- Dəstəmaz alarkən suyu boğaz və burunun dərinliklərinə qədər götürməmək şərti ilə sudan istifadə etmək də orucu pozmur.
- Dişin,damağın və ya burunun qanaması orucu pozmaz. Bu zaman xaric olan qanı udmamaq lazımdır.
- Qanalma və ya qanvermə də orucu pomaz.
- Diş məcunları istifadə edərək dişləri fırçalamaq orucu pozmayan işlər arasındadır.
Lakin aşağıdakı xüsuslarda oruc batil olar və qəza orucu tutmaq vacib olar:
- Masturbasiya etmək.
- Şəhvət oyandıracaq mənzərələrə məqsədyönlü şəkildə baxaraq boşalmaq, yəni qeydolunan halda spermanın xaric olması.
- Həyat yoldaşı şəhvani hislərlə qucaqlaşmaq, sarılmaq, öpüşmək və bunun nəticəsində boşalmaq.
- Bilərək özünü qusdurmaq.
- Dadlı saqqızları istifadə etmək.
- Bilərək hər hansı bərk cismi udmaq.