Əsas səhifə » Həsəd duyğusu həyatımıza necə təsir edir?
Din

Həsəd duyğusu həyatımıza necə təsir edir?

Bakı, AzerVoice

Həsəd başqasının sahib olduğu maddi və ya mənəvi imkanların özünə keçməsini və ya qısqanılan şəxsin bu imkanlardan məhrum olmasını arzulayan bir istək və niyyəti ifadə edir.

Bəzi alimlər bu istək və niyyətin həyata keçməsi üçün göstərilən faktiki səyi də həsədin tərifinə daxil edir. Lakin həsədi bir hiss və arzu olaraq qəbul edən, faktiki təşəbbüsləri isə həsədin nəticəsi sayanlar da var.

Həsəd etdiyi zaman həsədçinin şərrindən Allaha sığınmaq lazım olduğunu bildirən ayədəki ("əl-Fələq", 113/5) “hasid” kəlməsindən həsədin insanın təbiətindən gələn bir duyğu olduğu, "həsədə" felindən isə bu duyğunun bəzi insanları günahsızlara zərər vermək niyyətinə və arzularına yönləndirdiyi mənası çıxarılmışdır.

Hədislərdə həsəd kəlməsi həm yuxarıdakı mənada, həm də “qibtə” mənasında işlənmişdir.

Bir hədisdə, “İki şəxsə həsəd etmək caizdir” deyildikdən sonra, onlardan birinin Allah tərəfindən ona verilən sərvəti haqq yolunda xərcləyən, digərinin isə Allahın verdiyi elm ilə əməl edib bu elmi başqasına öyrədən şəxs olduğu bildirilmişdir.

Beləliklə, həsəd kəlməsi “xeyirdə rəqabət” mənasında istifadə edilmişdir. Digər tərəfdən, hədislərdə “bir şeyi sahibindən qısqanmaq” mənasında olan həsəd haqqında olduqca sərt ifadələr yer alır.

Buna görə, hədislərdə “Bir qulun qəlbində imanla həsəd bir arada olmaz”, “Odunları yandırıb məhv etdiyi kimi həsəd də yaxşı əməlləri məhv edər”, başqa bir hədisdə isə kin və həsədin ciddi sosial problemlərə yol açan əxlaqi xəstəliklər olduğuna işarə edilir.

Bir hədisdə din qardaşlığı və sosial sülh üçün “Böhtan yaymayın, başqalarının qüsurlarını araşdırmayın, bir-birinizə həsəd etməyin, bir-birinizə arxa çevirməyin, kin saxlamayın. Ey Allahın qulları, qardaş olun!”-deyilir.

Həsəd mövzusunu araşdıran İslam alimləri, bunun adətən aralarında peşə, iqtisadi, elmi, siyasi və ictimai əlaqələr olan insanlarda meydana gəldiyini vurğulayır və başqalarının maddi və ya mənəvi nemətlərə sahib olması qarşısında insanın əsasən üç reaksiya verdiyini irəli sürürlər.

Başqasının bir nemətə çatmasını qəbul edə bilməyərək onun bu nemətdən məhrum olmasını arzulamağa həsəd, belə bir pis niyyət daşımadan həmin nemətin bənzərinə özünün də sahib olmasını istəməsinə qibtə, bu arzunu reallaşdırmaq üçün səy göstərməyə və müsbət bir rəqabətə girməyə isə münafəsə deyilir.

Bütün əxlaq alimləri aidiyyəti ayə və hədislərə əsaslanaraq, həmçinin psixoloji və sosial zərərlərini nəzərə alaraq həsədi haram hesab etmişlər. Mənbələrdə, İblisin Adəmi qısqanmasına da istinad edilərək həsədin şeytani bir xüsusiyyət olduğu vurğulanır.

İblisin Adəmi qısqanması göydə işlənən ilk günah, Qabilin Habilə qarşı qısqanclığı isə yerdə işlənən ilk günah kimi dəyərləndirilir.

Qibtə və münafəsə məqbul qəbul edilsə də, insanların rəqabət anlayışı ilə etdikləri işlərin hökmünə görə münafəsənin də vacib (fərz), müstəhəb, mübah və ya haram ola biləcəyi qeyd edilir.

Həsədi qiptə və münafəsədən ayıran ən vacib fərq, həsəd anlayışının “kiminsə uğurunun əlindən alınmasını istəmək” mənasına gəlməsindən irəli gəlir. Məsələn, bəzi pis niyyətli insanların əldə edəcəkləri imkanlarla fitnə və fəsad yaratmaq kimi zərərli fəaliyyətlərlə məşğul olacağı ehtimalından narahat olunduğu üçün onların bu imkanlardan məhrum olmasını arzulamaqda heç bir səhv görülməmişdir. Buna görə də haram olan həsəd, başqasının qanuni yolla sahib olduğu bir imkandan dolayı insanın qısqanclıq hissinin təsiri altında qalaraq, özünə bir faydası olmasa da, o nemətin əlindən çıxmasını istəməsidir.

Bəzi alimlər bu hissi insan təbiətindəki eqoistlik meylindən, başqalarının özündən daha üstün olmasına dözə bilməməkdən irəl gələn bir ruh xəstəliyi kimi qiymətləndirir.

Belə bir vəziyyətdə həsəd edən, ya özünün qısqandığı şəxsin səviyyəsinə yüksəlməsini, ya da onun öz səviyyəsinə düşməsini arzulayır və yalnız bu arzusu gerçəkləşdikdə bunalımdan xilas olur.

İnsanlar, yaradılışdan bir qısqanclıq hissi daşısalar da, ağlın və dinin əmrinə tabe olaraq bu hissi basqı altında saxlaya bilər, onun təsirinə düşməkdən özlərini qoruya bilərlər, bu şəkildə dini və əxlaqi məsuliyyətdən də qurtulurlar. Çünki həsəd hissini tamamilə yox etmək hər kəs üçün mümkün deyil.
İslam alimləri, həsəd hissini ortadan qaldırmağın və ya təsirindən qorunmağın bəzi yollarını göstəriblər. Bunun üçün ilk olaraq həsədi ortaya çıxaran səbəbləri bilmək lazımdır.

Bəzi alimlər xəsislik və acgözlülüyün birləşməsindən yaranan psixoloji bir xəstəlik kimi görür və pis insanın “başqalarının zərərə uğramasından zövq alan şəxs” şəxs olduğunu bildirərək bu tərifdə həsədin əsas alındığını bildirirlər.

Düşmənlik və kin güdmə, üstünlük hissi, təkəbbür, öyünmə, əldə ediləcək şeylərdən məhrum qalma qorxusu, məqam və mövqe tutqusu həsəd hissinin yaranmasına səbəb olur.

Əxlaq sahəsində əsər yazan İslam alimləri həsədi bir növ ruh xəstəliyi saydıqları üçün bunun əvvəlcə qısqanan şəxsə zərər verdiyini, onu xoşbəxt etmədiyini bildirirlər.

Həsəd həm bədənin, həm də ruhun məhvinə, zehni və əməli səmərəsizliyə yol açan bir vəziyyət kimi qiymətləndirilir və buna görə də həsədin qısqanılan şəxsdən daha çox qısqanan şəxsə zərər verdiyini bildirilir.

Digər Kateqoriyalar

2024 © Azervoice