Bakı,AzerVoice
Xilafəti beş əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsidir.
Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüt- təlibə
qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk
vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar
Əməvilərə qarşı üsyana qoşul-muş, hətta bu üsyana başçılıq belə
etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn
Zübeyrin zamanından başlamışdır.
O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini
şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam
kimi tanınmasına çağırışlar etmişdir. Onun səylərinin nəticəsində
Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan və qeysanilər
adlanan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz
başçıları kimi oğlu Abdullahı tanımışdırlar.
O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı
üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd
ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun
hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd
etmişdir.
Məhəmməd ibn Əli ibn Abdullah da onun bu çağırışını dəstəkləmiş,
hicrətin 100-cü ilindən başlayaraq Əməvilərə qarşı yönələn
təbliğata qoşulmuşdur.
Əbu Həşimin ölümündən sonra, onun xəlifə Süleyman ibn Əbdül-Məlik
tərəfindən zəhərləndiyi haqqında şayiələr yayılmışdır. Ölümündən
öncə o, öz yerinə Məhəmməd ibn Əlini təyin etmişdir.
Uzun müddət Abbasi dəvəti gizli həyata keçirilmişdir. Əməvilərə
qarşı həlledici üsyanları Abbasilərin Kufədəki tərəfdarları təşkil
etmişdirlər. Onların mərkəzi Xorasanda yerləşirdi. Hicrətin 124-cü
ilində, Məhəmməd ibn Əlinin ölümündən sonra, onun oğlu İbrahim
üsyançıların rəhbəri olmuşdur. 129-cu ildə o, keçmiş qul Əbu Müs-
lüm adlı bir şəxsə Əməvilərə qarşı açıq silahlı üsyana çıxmaq
əmrini vermişdir. O da, tərəfdarları ilə birlikdə Herat şəhərini
ələ keçirmişdirlər.
Hadisələrin bu istiqamətdə inkişaf etdiyini görən Əməvilər İbrahimi
həbs et- mişdirlər. O, zindanda öldürülmüş, başqa rəvayətlərə görə
isə öz əcəli ilə vəfat etmişdir. Ondan sonra Əməvilərə qarşı üsyana
Abdullah ibn Məhəmməd Əs-Səffah başçılıq etmişdir. Əbu Müslüm və
onun tərəfdarları irəliləyərək 130-cu ildə Mərvi ələ
keçirtmişdirlər. Əməvilər bu hücumların qarşısını ala bilməmiş və
hakimiyyətdən uzaqlaşmağa məcbur qalmışdırlar. Onların sonuncu
xəlifəsi Mərvan hakimiyyəti itirdiklərini görüb, Misirə qaçmış və
132-ci ildə orada öldürülmüşdür.
Bu hadisələrin sonunda Abbasilər Xilafəti ələ keçirmişdir. Onların ilk xəlifəsi Abdullah ibn Məhəmməd əs-Səffah olmuşdur. Abbasilərin hakimiyyətə gəlməsindən sonra onların Əli Əbu Talibin varisləri ilə ixtilafları yaranmışdır. Çünki, onlar birbaşa Məhəmməd peyğəmbərin soyundan idilər. Buna görə də, Əli soyunun tərəfdarları onları xəlifə kimi görmək istəyirdilər. Əvvəl, Abbasilər Əli soyunun tərəfdarlarını təqib etmiş, sonralar isə bəzi xəlifələr onları özlərinə yaxın buraxmışdırlar. Abbasilər dövründə Xilafətdə fars mədəniyyətinin təsirləri də güclənmişdir. Abbasilər hakimiyyətini dörd dövrə ayırmaq mümkündür: yüksəliş; tənəzzül; Büveyhililərin təsiri altına düşmə (132/750 – 247/861); Səlcuqluların (467/1075 – 560/1194) təsiri altına düşməsi dövrləri.
Beləliklə, ilk olaraq Abbasilərin yüksəlişi tənəzzüllə nəticələnmişdir. Tənəzzül dövründə onlar türk əsilli ordu başçılarının təsiri altına düşmüşdürlər. Elə o dövrlərdən, Xilafətin parçalanması prosesi başlamışdır. Bundan sonra Abbasilərin hakimiyyəti formal xarakter daşıyırdı. Həqiqətdə isə onlar öncə iranlı Büveyhilərin, daha sonra isə türk Səlcuqluların təsiri altına düşmüşlər.
Səlcuq imperiyası dağıldıqdan sonra Ab- basilər daha 60 il hakimiyyətdə qalmışdırlar. Onların xilafətdə hakimiyyətinə monqollar son qoymuşdur. Bundan sonra Abbasilər sülaləsinin nümayəndələrini məmlüklər (II) Misirə dəvət etmiş, onların xəlifəliyini formal olaraq tanımışlar. Hicri X/XVI əsrdə isə osmanlı sultanı I Səlim Misirdə məmlüklərin hakimiyyətinə son qoymuş, Misirə gələrək sonuncu Abbasi xəlifəsi hesab edilən Mütəvəkkildən xəlifəliyi almışdır. Bundan sonra Osmanlı sultanları bütün müsəlmanların xəlifəsi olmuşdurlar. Bu hadisədən sonra Abbasilər dövrü bitmişdir.