Əsas səhifə » Peyğəmbərin katibi hansı döyüşdə şəhid oldu
Din

Peyğəmbərin katibi hansı döyüşdə şəhid oldu

Bakı,AzerVoice

Məhəmməd peyğəmbərin səhabələrindən biri olan Abdullah ibn Rəvaha 629-cü ildə şəhid olmuşdur. O, Xəzrəc qəbiləsindən bir ailədə doğulmuşdur. Müsəlman olduqdan sonra Əqəbə beyətində (sadiqlik andı) mədinəlilərin sıralarında yer almışdır.


Məhəmməd peyğəmbərin yaxın səhabəsi, eləcə də katibi olmuşdur. Bədr, Uhud, Xəndək, Xeybər döyüşlərində müsəlmanların sıralarında vuruşmuşdur. Muta döyüşündə qəhrəmancasına vuruşaraq şəhid olan Abdullah ibn Rəvahanın gözəl şeir yazmaq bacarığının olduğu da qeyd edilir. O, bəzi bütpərəst şairlərin Məhəmməd peyğəmbərə qarşı yazdıqları alçaldıcı seirlərinə qarşı cavablar yazdığı bilinir.

Abdullah ibn Rəvaha həm natiq, həm də istedadlı şair idi. Düşmənlərin Peyğəmbərimizin və İslamın əleyhinə qoşduqları şeirlərə şeirlə cavab vermişdir.

Üç səhabə – Abdullah ibn Rəvaha, Kab ibn Malik və Həssən ibn Sabit müsəlmanların şairi idi. Onlar haqqında Şüəra surəsində buyurulur: “(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) Və onlar etmədikləri şeyləri deyirlər! Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə (öləndən sonra) necə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!” (“Şüəra” surəsi, 26/224-227).

Ayədəki “Allahı çox zikir edənlər” ifadəsi bu üç səhabədən bəhs edir. Abdullah müşriklərin inkarını onların üzünə çırpan şeirlər söyləyirdi. Peyğəmbərimiz (s.a.s.) onun şeirləri ilə bağlı belə buyurmuşdur: “(Onun şeirləri) Qureyş müşriklərinə ox yağdırmaqdan daha təsirlidir”.

Mənbə:
İSLAM TARİX, FƏLSƏFƏ VƏ HÜQUQ ENSİKLOPEDİK LÜĞƏT
Fəl.ü.e.d. Aydın Əlizadə
Fəl.ü.f.d. Elsevər Səmədov

Digər Kateqoriyalar

2024 © Azervoice