Əsas səhifə » İslamda böyük filosof həkimlər
Din

İslamda böyük filosof həkimlər

Bakı,AzerVoice

Çox mühüm əsərlərin sahibi bu üç böyük həkim və filosofun İslam tibb tarixində əhəmiyyətli yeri vardır: Razi, Məcusi və İbn Sina.

Əbu Bəkr Məhəmməd ibn Zəkəriyya əl-Razi (Qərbdə Rhazes kimi tanınır) 850-ci ildə Tehran yaxınlığındakı Reydə anadan olmuşdur. Onun əsəri İslam tibbinin inkişafına dəlalət edir. Çiçək xəstəliyini qızılcadan ayıraraq tibb elminə mühüm töhfələr verən Razinin riyaziyyat, fəlsəfə və astronomiyaya dair əsərləri də vardır. Əsərlərindən ikisi müasir dövrdə də bilinir. Biri “iş bölgüsü” və “əməkdaşlıq ilə qarşılıqlı yardımlaşma” haqqındadır, digəri isə “həzz və ağrı” nəzəriyyəsi ilə əlaqədardır. İnsan nə qədər ağrıacı çəkərsə, ondan sonra alacağı həzz o qədər yüksək olur.

Razi Hüneyn ibn İshaqdan tibb dərsi öyrənmiş və müxtəlif xəstəxanalarda təcrübədən keçmə imkanına sahib olmuşdur. O, ustad ünvanını qazanmışdır. Kariyerası və əsərləri üçün xəstəxanalarda qarşılaşdığı təcrübəli əczaçılar və tibb işçiləri ilə görüşüb məlumat alırdı. Saray həkimliyi əvəzinə birbaşa xəstəxanalarda işləyirdi.

Kimya təcrübələrində istifadə etdiyi laboratoriya alətlərinin bir çoxunu şəxsən özü icad etmişdi. Razi Reydəki xəstəxananın müdiri olmuş, şöhrəti artdıqdan sonra Bağdaddakı yeni və daha böyük bir xəstəxananın müdiri vəzifəsində də işləmişdir.

Hətta xəstəxana tikilmədən əvvəl harada tikilməsi barəsində məsləhət üçün ona müraciət edilmişdir. Şəhərin müxtəlif yerlərinə bir parça ət asdırmış və ətin ən gec xarab olmağa başladığı bölgəni xəstəxana yeri üçün seçmişdir. Müsəlman həkimlər ətraf mühitin sağlamlığa olan təsirini bilirdilər. “Firdövsül-hikmə”də həkimlərin “qidaların hansı iqlimə uyğun olduğunu” bilmələrinin zəruriliyi qeyd olunmuşdur.

Razinin şöhrəti bir yerdə uzun müddət qalmasına mane olurdu, çünki dövlət xadimləri onu öz yanlarında işləməyə dəvət edirdilər. Müəyyən bir yerdə nə qədər qalması həmin yerin mövcud siyasi vəziyyəti ilə bağlı olurdu. Razi hara getsə də, yenə Reyə gəlir. Bəzilərinə görə çox çalışmaqdan zərər görən gözləri katarakt olmuşdu. 925-ci ildə Reydə vəfat etmişdir.

Razi qarşılaşdığı hər xəstəliklə əlaqəli qeydlər götürür, dərman resepti yazır və müalicə nəticələrini izləyirdi. Bu qeydlər yarısından çoxu tibbə dair olan iki yüzdən çox əsərini yazdığı zaman ona lazım olmuşdur. İlk əsərləri arasında yunan tibbindən bəhs edən on cildlik bir elmi əsəri vardır. Ginekologiya, oftalmologiya və Şərqdə geniş yayılmış xəstəliklər olan böyrək və sidik kisəsi daşı kimi mövzularda ciddi əsərlər yazmışdır.

Uşaq xəstəlikləri haqqında əsərləri ona “pediatrianın atası” adını qazandırmışdır. Razi həm də kimyəvi dərman hazırlama metodlarını tanıdan şəxslərdən olmuşdur.

Çiçək xəstəliyinə və simptomlarına hələ də qüvvədə qalmış ilk doğru diaqnozu qoyan risaləsi sayəsində şöhrəti daha çox yayılmışdır. Həmin əsər Avropada geniş yayılmış, XIX əsrə qədər qırxdan çox nəşri həyata keçirilmişdir. Tibb tarixi sahəsində mütəxəssis olan alman doktor Maks Neuberger bu əsərin “epidomiyologiyanın (yoluxucu xəstəlikləri tədqiq edən elm sahəsi) tarixi baxımından çox mühüm” olduğunu qeyd edir.

Bu əsər “yalnız İslamın deyil, orta əsrlərin də ən zəki, özünəməxsus və ən böyük terapevt olan Razinin məşhur olmasına töhfə vermişdir”. Razinin daha mühüm tədqiqatı isə tibb elmində daha əhatəli və geniş bir əsərdir. İyirmi bir cildlik “Kitabül-Havi” adlı bu ensiklopediyanı on beş ilə tamamlamışdır. O qədər böyük bir əsərdir ki, yalnız bir neçə nüsxəsi hazırlanmışdır. Maks Meyerofa görə, bu əsərin məzmunu yunan, süryani, ərəb, fars və hindli alimlərin hər xəstəliyə dair düşüncə və təcrübələrini ehtiva edir və “klinika təsəvvürü haqqında qeyriadi nümunələr” təqdim edir.

Razi klinik müşahidə sahəsində ixtisaslaşmışdır. “Kita- bül-havi”nin latınca tərcüməsi “Liber Continens” adı ilə 1279-cu ildə tamamlanmış və 1486-cı ildən etibarən bir neçə dəfə nəşr olunmuşdur. Meyerof bu əsərin “Avropa tibbinə böyük təsiri” olduğunu bildirir.

Razi tibbin “psixoloji” tərəfi haqqında psixosomatikanın bir hissəsi sayılacaq məqalələr yazmışdır. Beləliklə, müasir dövrümüzün həkimlərinin haqqında danışmağa cəsarət edə bilmədikləri mövzulardan danışmışdır: Səriştəli həkimlər nə üçün bütün xəstəlikləri müalicə edə bilmirlər, qorxmuş xəstələr təcrübəli həkimlərdən nə üçün yan gəzirlər, insanlar şarlatanlar və saxta həkimləri nə üçün həqiqi həkimlərdən üstün tuturlar, nə üçün savadsız həkimlər, tibb təhsili almamış kişi və qadınlar, təhsil almış tibb mütəxəssislərindən daha uğurlu olurlar?

Fizika, astronomiya və riyaziyyat sahələrində yazdığı əsərlər müasir dövrə gəlib çatmamışdır. Razi varlıqları indi də istifadə olunan bir təsniflə heyvan, bitki və mineral qruplarına ayırmışdır. Hidrostatik tərəzi vasitəsilə yerin cazibə qüvvəsini tapan insan da odur. O, fəza, hərəkət və zamana dair tədqiqatları ilə də tanınır.

Razinin müasiri məşhur elm adamlarından biri də Yuhanna ibn Məsaveyhdir. Harun ər-Rəşidin özəl həki- mi olmuş və Bağdaddakı bir tibb məktəbinin müdiri vəzifəsində işləmişdir. Razi öz yazılarında İbn Məsaveyhin müasir dövrə gəlib çatmamış əsərlərindən də bəhs etmişdir. Razi və yaxud İbn Sina qədər məşhur olmayan başqa bir şəxsiyyət də Qərbdə “Haly Abbas” kimi tanınan Əli ibn əl-Abbas əl-Məcusidir (ö. 994). Həyatı haqqında çox az sayda məlumat vardır. İranlı bir professordan dərs aldıqdan sonra öz tədqiqatlarına davam etmiş, özündən əvvəl yazılan əsərləri diqqətli şəkildə oxumuşdur. Büveyhi hökmdarı Əmir Ədüddüdövlə Fəna Xosrovun xahişi ilə təxminən 400000 sözdən və iyirmi hissədən ibarət olan “Kitabül-Məliki” (Krallıq kitabı) adlı əsərini yazmışdır. Ən mükəmməl fəsillər pəhriz və dərmanla müalicəyə ayrılmış olan hissələrdir. Kapilyar sistemi haqqında orijinal materiallar və körpələrin ana bətnindən öz cəhdləri ilə deyil, əzələ gərilmələri sayəsində çıxdıqlarına dair dəlil- lər təqdim olunmuşdur. Anatomiya haqqındakı bir fəsil Avropada yüz il boyunca daha mükəmməl tədqiqatlar yazılana qədər yeganə mənbə olmuşdur.

“Kitabül-Məliki”nin üstünlüyü müfəssəl və əlçatan olması idi. Bu xüsusiyyəti onu tələbələr arasında ən məşhur əsərə çevirmişdir. Razinin ən mühüm əsərinin çox nüsxəsi yox idi. Halbuki “Kitabül-Məliki”nin nüsxələri asanlıqla tapılırdı. Bu əsər tibbi biliklərin məcmusu olmaqla yanaşı, Hippokrat, Qalen və müasirlərinin tənqidlərini də ehtiva edir. Məcusi əsərinin həcmi və tələbələrinin büdcəsi üçün bahalı olması baxımından da Razini tənqid edirdi. Məcusi tələbələrə xəstələri müntəzəm şəkildə ziyarət etməyi, oralarda mövcud olan şəraiti diqqətlə tədqiq etməyi və tez- tez xəstələrlə simptomlar və müalicə prosesləri haqqında danışmağı tövsiyə etmişdir.

Ən çox tanınan müsəlman alim və orta əsrlərin məşhur filosoflarından biri də İbn Sina (Qərbdə Avicenna kimi tanınır) adlandırılan Əbu Əli əl-Hüseyn ibn Sinadır. Həm fəlsəfə, həm də tibb sahəsində bir dahidir. Fəlsəfə haqqındakı əsəri sayəsində Aristoteldən sonra “Ustadi-sani” (İkinci ustad) kimi tanınmışdır. Hələ tələbəlik dövründə öz müəllimlərini ötüb keçmiş və tədqiqatlarını heç kimin yardımı olmadan davam etdirmişdir. Özünün ifadəsi ilə Buxara kitabxanasında “çox insanın adını belə eşitmədiyi və başqa heç bir yerdə tapa bilməyəcəyi” kitabların hamısını oxumuşdur. Çox ali bir hədəfi var idi: “İnsan ruhunun mükəmməlliyi”. İyirmi bir yaşından etibarən gündə təxminən əlli səhifə olmaqla 238 əsər yazmışdır.

İbn Sina ilə birlikdə müsəlman tibbi uğurun zirvəsinə ucalmışdır. Tibb təhsilinə on altı yaşından başlamış və işin mürəkkəb olsa da, çətin olmadığını anlamışdır. Müəllimi İbn Nuh əl-Qumri (ö. 990) çox mühüm bir həkim idi. İbn Sina hələ on səkkiz yaşında həkimliyə başlamış və o yaşda məşhur olmuşdur. Buxara əmiri Nuh ibn Mənsur çox təsirləndiyi İbn Sinanı hüzuruna çağırmış və ona öz kitabxanasında çalışmaq üçün icazə vermişdir. İbn Sina yalnız kitab oxumaqla kifayətlənməmiş, iyirmi bir yaşında riyaziyyat xaric bütün elmləri ehtiva edən ensiklopediya hazırlamışdır.

İbn Sina macəraçı bir həyat yaşamışdır. Şöhrəti dünya- ya yayıldıqca güclü hökmdarlar onun öz saraylarının özəl həkimi olmasını istəmişdilər. Bir hökmdarın əsarətindən qaçıb qurtulmuş, öz metodu ilə şiddətli ağrıdan xilas etdiyi başqa bir hökmdar isə onu həbsə atmışdır. Yenidən xəstələnən hökmdar müalicə etməsi məqsədilə İbn Sinanı azadlığa buraxmışdır. Düşmənləri İbn Sinanın səmimi bir müsəlman olmadığını iddia etsələr də, ölümündən sonra haqqında mənfi bir şey deməmişdilər. Əlli səkkiz yaşında vəfat etmişdir.

İbn Sinanın tibb tarixindəki ən mühüm işi Qərbdə “Qa- nun” kimi tanınan, beş fəsildən və təxminən bir milyon sözdən ibarət “əl-Qanun fit-tibb” adlı əsəridir. Bu əsər dövrünün bütün tibbi bilik və təcrübələrini ehtiva edir. Misli-bərabəri olmayan bu əsərdə yoluxucu xəstəliklərin xüsusiyyətləri və xəstəliklərin qarşısını alma metodları əks olunmuşdur. İbn Sina həm də kəskinləşmiş və xroniki xəstəliklərin müalicəsində istifadə edilən 760 dərmandan bəhs etmişdir.

İbn Sina sülfürik asit və alkoholun xüsusiyyətləri və necə hazırlandığından bəhs edən ilk alim kimi tanınır. Ya- raya ən yaxşı sarğı kimi şərabı tövsiyə etmişdir. Həmçi- nin şəkər xəstəliyinin tam tərifini vermiş və sidikdə şəkə rin mövcudiyyətini müəyyənləşdirmişdir. Mediastinit və ağciyər iltihabının fərqini göstərmiş, tuberkulyozun yoluxucu olduğu və yoluxucu xəstəliklərin yayılma arealını göstərmişdir. “Qanun” Şərq və Qərbdə ən geniş yayılmış tibb əsəridir. Bir çox Avropa dillərinə tərcümə olunmuş- dur. Kanadalı tibb tarixi professoru Dr. Uilyam Osler bu əsəri “hər hansı başqa bir kitabla müqayisə edilməyəcək şəkildə uzun müddət boyunca tibbin “İncil”i olmuşdur” sözləri ilə təsvir edir. Əsərin cərrahlıq haqqındakı fəsli avropalı həkimlərə təsir etmişdir.

“Qanun” yalnız bir tibb ensiklopediyası deyildi, çünki fəlsəfə və məntiqə də istinad edir. Məsələn, dərman haqqındakı fəsil əlifba sırasına görə təsnif olunmuşdur. Xəstəliklər haqqındakı fəsil isə başdan ayaq barmağına qədər bədənin hər bir hissəsindən bəhs etmişdir. Hər mövzu müəyyən bir metodologiyaya, konsepsiyaya əsaslanır. Meyerof bu metodologiyanın “Qərb sxolastik fəlsəfəsindəki təsnif etməyə” də təsir etdiyini qeyd edir.

Qərb və Şərq alimləri bu əsəri mədh etmişdir. İbn Sinanın əsəri tibb tarixini dəyişdirmişdir. Çünki müsəl- manların əldə etdikləri bilik xəzinəsinin və ona verdikləri töhfələrin daha geniş kütlələrə yayılmasını təmin etmiş- dir. “Qanun”un latınca tərcüməsi əsrlər boyunca Qərbin əsas tibb mənbəyi olmuşdur. Doqquzuncu fəsildə haqqın- da danışıldığı kimi, İbn Sina həm də geologiya sahəsində mütəxəssis idi. Minerallardan bəhs edən məqaləsi XIII əsrin xristian ensiklopediyaçılarının geologiya haqqında fikirlərinin əsas mənbəyidir.376 “Dağların mənbəyi haqqın- dakı mükəmməl təsviri onun “geologiyanın atası” ünvanına layiq olduğunu isbat edir”. İbn Sinanın əsərinin Avropada böyük təsirləri olmuş və xristian alimləri ondan tədris materialı kimi istifadə etmişdir.  

Digər Kateqoriyalar

2024 © Azervoice