Əsas səhifə » Qırğızıstan ilə Cənubi Koreya arasında iqtisadi əlaqələr genişlənir

Qırğızıstan ilə Cənubi Koreya arasında iqtisadi əlaqələr genişlənir

BAKI, AzerVoice

Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıyt Sıdıkov, Cənubi Koreyanın Bişkekdəki səfiri Kim Kvanqce ilə görüş keçirib.

AzerVoice xəbər verir ki, görüş zamanı nazir Sıdıkov Koreyanı Qırğızıstanın əsas strateji tərəfdaşlarından biri kimi xarakterizə edib. O, iki ölkə arasında dostluq və etimada əsaslanan münasibətlərin formalaşdığını və bir çox sahələr üzrə uğurlu və sıx əməkdaşlığın davam etdiyini vurğulayıb.

Görüşdə nazir ölkədəki iqtisadi inkişaf tendensiyaları və xarici sərmayələrin cəlb olunması üçün yaradılan şərait barədə ətraflı məlumat verib.

Tərəflər arasında ikitərəfli əməkdaşlıq mexanizmləri, o cümlədən Qırğızıstan–Koreya hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası, Ticarət və İnvestisiyalar Şurası, eləcə də Bişkekdə yerləşən Qlobal Yaşıl İnkişaf İnstitutunun (GGGI) ofisinin fəaliyyəti müzakirə edilib.

Bundan əlavə, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, üçüncü ölkələrə ixraca yönəlik birgə müəssisələrin yaradılması məsələləri də gündəmdə olub.

Tərəflər Cənubi Koreyanın innovasiya və yeni texnologiyaları müxtəlif sahələrə inteqrasiya etmə təcrübəsinin Qırğızıstanda tətbiq olunmasının zəruriliyini xüsusi qeyd ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice