BAKI,AzerVoice
Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə görüş keçirib.
AzerVoice xəbər verir ki, görüş Kulubayevin Nyu-Yorka səfəri çərçivəsində baş tutub.
Görüş zamanı nazir Qırğızıstanın BMT-nin beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, həmçinin qlobal sosial-iqtisadi və iqlim problemlərini həll etmək istiqamətindəki səylərini dəstəklədiyini bildirib.
Kulubayev Qırğızıstanın Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini bir daha təsdiqləyib və ölkənin dağlıq gündəliyin təşviqi, yaşıl iqtisadiyyatın inkişafı və ətraf mühitin mühafizəsi kimi əsas prioritetləri haqqında məlumat verib. O, bu sahələrdə BMT-nin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
O, həmçinin baş katibə Mərkəzi Asiyada gedən siyasi transformasiyalar və bölgədə sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində dövlətlərin birgə səyləri barədə də məlumat verib.
Tərəflər BMT çərçivəsində gələcək əməkdaşlıq imkanlarını və qarşılıqlı fəaliyyətin gücləndirilməsi yollarını müzakirə edib, müasir beynəlxalq münasibətlərdə sabitliyin və inkişafın təmin olunması üçün fikir ayrılıqlarının aradan qaldırılmasında konstruktiv dialoqun vacibliyini vurğulayıblar.