BAKI, AzerVoice
Qırğızıstanda 7 Aprel Xalq İnqilabının 15-ci ildönümündə şəhidlər yad edilib.
AzerVoice xəbər verir ki,
Qırğızıstanda 2010-cu ilin 7 aprelində baş verən Xalq İnqilabının
qurbanlarının xatirəsinə Bişkek şəhərində anım mərasimi
keçirilib.
Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirən
şəhidlər bu gün paytaxtda yerləşən və xalqın azadlıq mübarizəsini
simvolizə edən 7 metr hündürlüyündəki abidənin önündə yad
olunub.
Anım mərasimində Qırğızıstan Nazirlər Şurasının sədri Edil Baysalov, mədəniyyət, informasiya və idman naziri Mirbek Mambetəliyev, eləcə də Bişkek Böyükşəhər Bələdiyyəsinin meri Aybek Junişəliyev iştirak ediblər. Rəsmi şəxslər abidə önünə gül dəstələri qoyaraq, bir dəqiqəlik sükutla həlak olanların xatirəsini yad ediblər.
Qeyd edək ki, 2010-cu il aprelin 7-də Qırğızıstanda hökumət əleyhinə genişmiqyaslı etirazlar baş verib. Demokratik islahatlar və sosial ədalət tələbilə küçələrə axışan xalq təhlükəsizlik qüvvələrinin güc tətbiqi ilə qarşılaşıb. Baş verən qarşıdurmalarda 100-dən çox insan həyatını itirib, yüzlərlə vətəndaş yaralanıb. Nəticədə o vaxtkı prezident Kurmanbek Bakiyev devrilərək ölkəni tərk edib və sonradan Belarusa sığınıb.