Əsas səhifə » Sadır Japarov Tacikistana rəsmi səfər edib

Sadır Japarov Tacikistana rəsmi səfər edib

BAKI,AzerVoice

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün, 31 mart tarixində Tacikistanın Xucənd şəhərinə gedib.

AzerVoice xəbər verir ki, Japarovu Xucənd Beynəlxalq Hava Limanında Tacikistan Prezidenti Emoməli Rəhmon qarşılayıb.

Xucənd şəhərinin Beynəlxalq Hava Limanında Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət bayraqları asılıb, qırmızı xalça sərilib və fəxri qarovul düzülüb.

Milli geyimli qızlar Qırğızıstan Prezidentini qarşılamaq üçün sıraya düzülüblər. Daha sonra dövlət başçıları üçün qısa konsert proqramı təqdim olunub.

Səfər çərçivəsində Qırğızıstan, Tacikistan və Özbəkistan liderlərinin üçtərəfli sammitinin keçirilməsi planlaşdırılır. Sammitin əsas məqsədi üç ölkə arasında dövlət sərhədlərinin kəsişdiyi nöqtə barədə sazişin imzalanması və mədəni-humanitar sahədə əməkdaşlığın gücləndirilməsidir.

Bundan əlavə, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinin birgə bəyanat qəbul edəcəyi gözlənilir.

Dövlət başçıları, həmçinin, Qırğızıstan, Tacikistan və Özbəkistan baş nazirlərinin müavinlərinin iştirakı ilə onlayn formatda dövlət sərhədlərinin kəsişmə nöqtəsində quraşdırılacaq xatirə lövhəsinin açılış mərasimində iştirak edəcəklər.

Digər Kateqoriyalar

2025 © Azervoice