BAKI, AzerVoice
Qırğızıstan və Tacikistan arasında İqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev başda olmaqla nümayəndə heyəti Tacikistana səfər edib.
AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasındakı ticarət dövriyyəsini 2030-cu ilə qədər 500 milyon dollara çatdırmaq hədəfini müəyyən ediblər.
Son illərdə iki ölkə arasındakı ticarət dövriyyəsi azalmışdı, lakin 2024-cü ildə 13,5%-lik artım müşahidə olunub. Bişkek–Düşənbə hava reyslərinin bərpa ediləcəyi də bildirilib.
Qırğızıstan və Tacikistan arasında kənd təsərrüfatı və enerji sahəsində əməkdaşlıq genişləndiriləcək. Tacikistan kənd təsərrüfatı məhsullarının emalı sahəsində böyük təcrübəyə malikdir və Qırğızıstan bu sahədə təcrübə mübadiləsinə maraq göstərir. Eyni zamanda, Qırğızıstan Tacikistan məhsullarının Avrasiya İqtisadi Birliyi (AİB) bazarına çıxarılmasına dəstək verməyə hazırdır.
Enerji sahəsində əməkdaşlıq çərçivəsində Qırğızıstan "Kambar-Ata-1" SES-in tikintisinə başlayıb və Tacikistandakı "Roqun" SES-in təcrübəsindən yararlanmaq üçün nümayəndə heyəti göndərib. Həmçinin, CASA-1000 layihəsi çərçivəsində enerji sistemlərinin birləşdirilməsi və elektrik enerjisinin ixracı məsələləri müzakirə edilib.
Tərəflər ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və dövlətlərarası əlaqələrin gücləndirilməsi istiqamətində işləri davam etdirmək niyyətində olduqlarını bildiriblər. Hökumətlərarası şuranın yaradılması və gələcək əməkdaşlıq mexanizmləri də gündəmdədir.
Bu addımlar, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafına və regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək.