BAKI,AzerVoice
Qırğızıstan Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyev, İranın Beynəlxalq Əlaqələr və Regional Əməkdaşlıq üzrə birinci vitse-prezidentinin müavini Əli Nəcəfi Xoşrudinin rəhbərlik etdiyi İran nümayəndə heyətini qəbul edib.
AzerVoice xəbər verir ki, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli əməkdaşlığın geniş spektrini müzakirə ediblər.
Adılbek Kasımaliyev Qırğızıstan ilə İran arasında ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə hazır olduqlarını vurğulayıb.
Onun sözlərinə görə, İran nümayəndə heyətinin səfəri əvvəlcədən əldə olunmuş razılaşmaların icrasını nəzərdən keçirmək və əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirmək baxımından faydalı olacaq.
Öz növbəsində, Əli Nəcəfi Xoşrudi İranın Qırğızıstanla əməkdaşlığın inkişaf etdirilməsində böyük perspektivlər gördüyünü, xüsusilə də İranın Avrasiya İqtisadi Birliyində (AİB) müşahidəçi dövlət statusu qazandıqdan sonra bu planları həyata keçirmək üçün bütün səylərini göstərəcəyini bildirib.
İran nümayəndə heyətinin rəhbəri Qırğızıstan tərəfini 27-28 aprel 2025-ci il tarixlərində keçiriləcək "İran Expo – 2025" beynəlxalq sərgisinə dəvət edib. Səfər çərçivəsində ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlıq üzrə Qırğızıstan-İran hökumətlərarası birgə komissiyasının növbəti iclasının keçirilməsi təklif olunub.
Tərəflər əməkdaşlığın daha da genişləndirilməsi üçün bir sıra perspektivli istiqamətləri müəyyən ediblər və hər iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda dostluq əlaqələrinin dərinləşdirilməsində ümumi maraq ifadə ediblər.