Bakı, AzerVoice
Aktau yaxınlığında AZAL təyyarəsinin qəzasında xəsarət alan üç Qırğızıstan vətəndaşı 30 dekabr gecəsi Bişkekə çatdırılıb.
AzerVoice Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Hava limanından xəsarət alanlar təcili yardım maşını ilə paytaxtın Milli Xəstəxanasına aparılıb. Hazırda onların hamısı həkimlərin nəzarəti altındadır.
Xatırladaq ki, qəza nəticəsində "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer 190" tipli təyyarənin "J2-8243" Bakı-Qroznı reysində ümumilikdə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
Təyyarənin "qara qutusu" tapılıb və onun analizi beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq aparılır. Hal-hazırda qəzanın səbəbləri araşdırılır. Lazımi araşdırmalar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.