Bakı, AzerVoice
Rusiya Prezidenti Vladimir Putin və Qətər əmiri Təmim bin Həməd əl-Tani telefon danışığı zamanı Suriya problemi ilə bağlı fikir mübadiləsi aparıblar.
AzerVoice xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, hər iki lider Suriyanın birliyi məsələsinin vacibliyini vurğulayıb və bu istiqamətdə birgə işləməyə razılaşıblar.
Qeyd olunub ki, Rusiya və Qətər ölkədəki keçid dövründə sosial-iqtisadi vəziyyətin sabitləşməsi məqsədilə əməkdaşlığı davam etdirəcək və Suriya xalqına humanitar yardım göstərəcək.
Eyni zamanda, iki lider Qəzza zolağında döyüşlərin yenidən başlaması ilə bağlı narahatlıqlarını ifadə ediblər. İki dövlətin, Qəzzada gərginliyin azaldılması və regionda uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində birgə səylərə hazırlığı vurğulanıb.
Telefon danışığında, həmçinin, Rusiya-Qətər əməkdaşlığının inkişafı və bir neçə gün əvvəl Dohada keçirilmiş hökumətlərarası komissiyanın iclasının nəticələri nəzərdən keçirilib. Tərəflər sənaye, enerji, nəqliyyat, logistika, mədəniyyət və idman sahələrində investisiyaların genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərməyə razılaşıblar.
Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putin Qətər əmirini və bütün Qətər xalqını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.