Bakı, AzerVoice
Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani İranın Fars Körfəzi sahillərində yerləşən nüvə obyektlərinə hər hansı bir hücumun bölgəni susuz qoya biləcəyi barədə xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, Amerikalı jurnalist ilə müsahibəsində Qətər baş naziri Doha hökumətinin belə bir hücumun mümkün nəticələrini simulyasiya etdiyini bildirib.
Onun sözlərinə görə, dəniz tamamilə çirklənəcək və Qətər üç gün ərzində susuz qalacaq. O əlavə edib ki, su anbarlarının tikilməsi su ehtiyatlarını artırsa da, bölgədə hamı üçün təhlükə qalmaqdadır.
Müsahibə ilə eyni vaxtda Tramp İranı nüvə proqramı ilə bağlı danışıqlara çağırıb. Hərbi müdaxilə ehtimalına toxunan Tramp sülh razılaşmasını görmək istədiyini bildirib.
Qeyd edək ki, Qətər İranın cənubunda, təxminən 190 km məsafədə yerləşir və digər Körfəz ölkələri kimi əsasən dəniz suyunun duzsuzlaşdırılmasına əsaslanan su təchizatından asılıdır.
Qətər baş naziri sahilin o biri tərəfində yerləşən obyektlərə işarə edərək bildirib ki, Dohanın yalnız hərbi deyil, həm də təhlükəsizliklə bağlı narahatlıqları var.
O vurğulayıb ki, Qətər İranın hər hansı bir şəkildə hərbi yolla hədəfə alınmasına qarşıdır və ABŞ və İran arasında diplomatik həll yolu tapılmadan rahatlıq tapmayacaq.