Əsas səhifə » Qatar Airways Dəməşqə uçuşları bərpa edəcək

Qatar Airways Dəməşqə uçuşları bərpa edəcək

Bakı, AzerVoice

Qatar Airways 7 yanvar 2025-ci il tarixindən etibarən Suriyanın paytaxtı Dəməşqdə yerləşən Dəməşq Beynəlxalq Hava Limanına həftədə üç uçuş həyata keçirəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, açıqlamada Qatar Airways bu qərarın regional əlaqəni artırmaq və sərnişin tələbatını qarşılamaq məqsədini daşıdığını bildirib.

Həmçinin qeyd olunub ki, uçuşların bərpasından əvvəl lazımi təhlükəsizlik və əməliyyat standartlarının təmin edilməsi üçün aidiyyəti qurumlarla sıx əməkdaşlıq edilir.

Qeyd edək ki, Baas rejiminin devrilməsindən sonra Dəməşq hava limanı yenidən fəaliyyətə başlayıb. Dekabrın 18-də Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi Dəməşq Beynəlxalq Hava Limanından Hələbə ilk uçuşunu həyata keçirib.

Bundan əlavə, Qətər 13 il sonra Dəməşqdəki səfirliyini 2024-cü il dekabrın 21-də yenidən açıb.

Qətərin Xarici İşlər Nazirliyinə məsul dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Hüleyfi dekabrın 23-də Suriyada yeni administrasiyanın rəhbəri Əhməd əl-Şara ilə görüş keçirib və iki ölkə arasında diplomatik münasibətlərin gücləndirilməsi müzakirə edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice