BAKI, AzerVoice
Qazaxıstan “ChatGPT” kimi yerli süni intellekt sistemini yaratmaq niyyətindədir.
AzerVoice xəbər verir ki, “KazLLM” adlandırılan bu ağıllı sistem ölkədə superkompüter infrastrukturu tam formalaşdırıldıqdan sonra istifadəyə veriləcək.
2024-cü il fevralın 12-də Qazaxıstan Respublikası ilə Birləşmiş Ərəb Əmirliklərinin “Presight AI LTD.” şirkəti arasında superkompüterin qurulması və məlumatların emalı mərkəzinin yaradılması ilə bağlı razılaşma imzalanıb.
Layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə lazımi hesablama gücünə malik sistem yaradılacaq, ikinci mərhələdə isə yeni məlumat mərkəzi tikiləcək və informasiya infrastrukturu daha da gücləndiriləcək.
Yeni yaradılacaq superkompüter infrastrukturu milli süni intellekt platforması ilə inteqrasiya ediləcək və dövlətin rəqəmsal məhsullarının hazırlanması və tətbiqi üçün əsas texnoloji baza rolunu oynayacaq.
Həmçinin Qazaxıstan bu güclü hesablama imkanlarını şirkətlərə və elmi ictimaiyyətə əlçatan etməyi hədəfləyir. Superkompüter və yüksək səviyyəli məlumat mərkəzləri bulud əsaslı texnologiyaların inkişafı üçün dayanıqlı infrastruktur təmin edəcək.