Əsas səhifə » Qazaxıstan Aİ-yə ixracı 2 milyard dollardan çox artırmağa hazırdır

Qazaxıstan Aİ-yə ixracı 2 milyard dollardan çox artırmağa hazırdır

BAKI,AzerVoice

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Səmərqənddə keçirilən "Mərkəzi Asiya – Avropa İttifaqı" sammitində çıxışı zamanı Qazaxıstanın Aİ-yə ixracı 175 məhsul üzrə 2 milyard dollardan çox artırmağa hazır olduğunu bəyan edib.

AzerVoice xəbər verir ki, öz çıxışının əvvəlində Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə yüksək qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

O, həmçinin Avropa Şurasının Prezidenti Antonio Kostaya, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Mərkəzi Asiya ölkələrinin liderlərinə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə sadiqliklərinə görə minnətdarlığını bildirib.

Tokayev vurğulayıb ki, sürətli geosiyasi dəyişikliklər və qlobal çağırışlar fonunda Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında tərəfdaşlığın genişləndirilməsi strateji əhəmiyyət kəsb edir.

O, sammit iştirakçılarına Mərkəzi Asiya və Aİ arasında əməkdaşlığın perspektivləri üzrə baxışlarını təqdim edib. Tokayevin fikrincə, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi prioritet məsələ olmalıdır.

"Qazaxıstan Aİ-yə 175 məhsul üzrə ixracı artırmağa hazırdır. Bu məhsulların ümumi dəyəri 2 milyard dollardan çoxdur", – deyə Tokayev bildirib.

Prezident bu layihələrin maliyyələşdirilməsi üçün Astanadakı Beynəlxalq Maliyyə Mərkəzi platformasından istifadə etməyə çağırıb.

Tokayev həmçinin çıxışında Ukrayna münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.

"Qazaxıstan həmişə münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir. Buna görə də biz Ukrayna üzrə danışıqların başlanmasını alqışlayırıq və müsbət nəticəyə ümid edirik. Lakin problemin mürəkkəbliyini də tam anlayırıq" – deyə Tokayev vurğulayıb.

Tokayev, həmçinin Mərkəzi Asiya və Əfqanıstan üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin Almatıda yaradılması təşəbbüsünü dəstəklədiklərinə görə tədbir iştirakçılarına və Avropa tərəfdaşlarına təşəkkür edib.

Onun fikrincə, bu mərkəz "2030 Gündəliyinin" həyata keçirilməsinə və regionda sosial, iqtisadi və ekoloji problemlərin həllinə töhfə verəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice