Bakı, AzerVoice
Airbus şirkəti Qazaxıstan Müdafiə Nazirliyinə ilk A400M hərbi-nəqliyyat təyyarəsini təhvil verib.
AzerVoice xəbər verir ki, zavod nömrəsi MSN139 olan təyyarəni Qazaxıstan müdafiə naziri, general Ruslan Caksılıkov şəxsən qəbul edib.
Qazaxıstan 2021-ci ilin sentyabrında Airbus ilə iki çoxməqsədli A400M hərbi-nəqliyyat təyyarəsi üçün müqavilə imzalayıb. İlk təyyarə 2023-cü ilin aprelində Airbus-ın sınaq prosesindən uğurla keçib. Yeni təyyarələr Qazaxıstanın hərbi texnikasını daşınması, humanitar yardım və digər mülki missiyalarda istifadə olunmaqla yanaşı, uzaq bölgələrdə sürətli əməliyyat imkanlarını artıracaq.
Təyyarələrin çatdırılması çərçivəsində texniki xidmət dəstəyi və ekipaj hazırlığı üçün hərtərəfli xidmət paketi təqdim edilir. Həmçinin Airbus və Qazaxıstan arasında imzalanmış Anlaşma Memorandumuna (MoU) əsasən, ölkədə C295 təyyarələri üçün yerli texniki xidmət mərkəzi qurulacaq. Bu mərkəz regionda texniki qulluq və təmir imkanlarını inkişaf etdirəcək.
Qeyd edək ki, Qazaxıstan A400M təyyarələrini inventarına daxil edən 9-cu ölkədir. Daha əvvəl bu təyyarələrə Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, Belçika, Malayziya və Lüksemburq üstünlük verib. Təyyarənin geniş tutumu və çoxməqsədli istifadə imkanları həm hərbi, həm də mülki missiyalarda effektivliyini sübut edib.