Bakı, AzerVoice
Qazaxıstan Hərbi Dəniz Qüvvələri yeni təlim dövrünün başlaması ilə genişmiqyaslı döyüş hazırlığı yoxlanışına cəlb olunub.
AzerVoice Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Aktau qarnizonunda 1500-ə yaxın hərbi qulluqçu, o cümlədən dəniz piyadaları həyəcan siqnalı ilə qaldırılaraq ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Hərbi gəmilərin bazasında döyüş hazırlığı üzrə müxtəlif aspektlər, o cümlədən təxribat əleyhinə tədbirlər və taktiki əməliyyatlar sınaqdan keçirilib. Gəmilərin ekipajları döyüş şəraitinə yaxın şəraitdə səmərəli fəaliyyət göstərərək Xəzər dənizində hərbi təlimlərdə iştirak ediblər.
Desant-hücum batalyonunun dəniz piyadaları yüksək döyüş hazırlığı nümayiş etdirib. Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri geniş ssenarilər əsasında yoxlanılır, bu da şəxsi heyətin fövqəladə hallarda operativ fəaliyyət bacarıqlarını artırmağa yönəlib.