BAKI, AzerVoice
"Düşünürəm ki, Ankara ilə Təl-Əviv arasında Suriyadakı Əhməd Şaraa hökuməti və sabiq cihadçıların İsrail əleyhinə ola biləcək hər hansı bir aktivliyinin qarşısını almaq məsələsində razılıq əldə olunub”.
AzerVoice Qaynarinfo-ya istinadən məlumat verir ki, bunu siyasi şərhçi Rufiz Hafizoğlu Trampın Netanyahu ilə keçirilən mətbuat konfransında ABŞ, İsrail və Türkiyənin Suriya məsələsində razılığa gələ biləcəklərinə əminliyini ifadə etməsinin nədən qaynaqlandığını şərh edərkən deyib.
R. Hafizoğlu qeyd edir ki, Trampla Netanyahunun Vaşinqtondakı
mətbuat konfransı iki əsas məsələ ilə gündəmə gəlib:
"Gündəmə gələn əsas məsələlərdən biri Qəzza zolağının yerli xalq
olan qəzzalılardan təmizlənməsi məsələsidir. Digər məsələ isə
Türkiyədən şikayət etməsi məsələsi oldu. İsrail rəsmiləri
Türkiyədən narahat olduqlarını öz ölkələrində bəyan ediblər. Amma
Trampla görüşdə Netanyahu bu məsələ ilə bağlı müəyyən barışıq
siqnalları, daha doğrusu, biz istəmirik, istəməzdik kimi
açıqlamalar verdi”.
Ekspertin fikrincə, İsrail Ankaranın bölgədə artan nüfuzundan ona
görə narahatdır ki, hazırda Türkiyə regionun ən dominant
ölkəsidir:
"Türkiyənin bir həmləsilə İranın milyardlarla dollar pul xərclədiyi
şiə ayparası dağıdıldı. Türkiyənin dəstəyilə İranın illərdir burada
yaratdığı status-kvo darmadağın edildi”.
Həmsöhbətimiz deyir ki, İsrailin də burada öz marağı var:
"İsrail dövləti bu gün də öz sərhədlərini tam olaraq bəlirləməyib.
Bu da onun ekspansionist siyasətindən xəbər verir. Suriyada
hakimiyyət dəyişikliyi ilə İsrail ordusu Colan təpələri
istiqamətində bir qədər də irəlilədi. Təl-Əvivin əsas məqsədi daha
geniş ərazilərə nəzarət etməkdir.
Netanyahunun Trampla görüşündən əvvəl İsrail rəsmiləri dolayısı ilə
Türkiyəni təhdid etdi. İsrailin XİN rəhbəri bildirdi ki, Suriya
İsrailə düşmən qüvvələri öz ərazisinə buraxarsa, burada söhbət
hərbi bazaların yaradılmasından gedir, onları peşman edəcəklər.
Amma İsrail nə qədər güclü olsa da, Türkiyə ilə kəllə-kəlləyə
gəlməsi onun yer üzündən silinməsilə nəticələnə bilər. Hətta
Türkiyə İsrail qarşıdurması üçüncü dünya müharibəsinin rəsmən elan
edilməsi olacaq”.
Siyasi şərhçi düşünür ki, Suriya ilə bağlı prosesdə müəyyən
razılaşmalar əldə ediləcək:
"Heç şübhəsiz proses hər hansı bir razılaşma olmadan mümkün deyil.
İsrailin qorxusu Suriyada hakimiyyətdə zamanında islamçı mövqedə
dayanıb indi siyasi don dəyişənlərin olmasıdır. Baxmayaraq ki,
Suriyanın yeni hakimiyyəti mülayim mesajlar verir, amma bu
hakimiyyət indiyə kimi İsrailə yönəlik müsbət və ya mənfi mesajlar
verməyib. Bu da Təl-Əvivi narahat edir”.
R. Hafizoğlu bu qənaətdədir ki, İsrail Türkiyənin artan nüfuzu
qarşısında bölgədə heç nə edə bilməyəcək:
"Türkiyə bölgədə, özəlliklə də Suriyada stabilliyin qarantıdır.
Dəməşqdə də başa düşürlər ki, bir dövlət olaraq var olmalarının
yeganə səbəbi Türkiyədir. İsrail isə Suriyanı parçalamaqda
maraqlıdır. Türkiyə ilə İsrailin Suriya ilə bağlı barışıq
məsələsinə gəldikdə, düşünürəm ki, tərəflər arasında Əhməd Şaraa
hökuməti və sabiq cihadçıların İsrail əleyhinə ola biləcək hər
hansı bir aktivliyinin qarşısını almaq məsələsində razılıq əldə
olunub. Qəzza məsələsi isə çoxdan həll olunub. İsrail heç bir halda
HƏMAS və "Hizbullah”a yenidən ayağa durmağa imkan verməyəcək”.
Ekspert bildirir ki, bundan sonra bölgədə vəziyyət pisləşəcəksə,
ABŞ və İsrailin yeni hədəfi İran olacaq:
"Buna doğru gedilməkdədir. İranı maksimum sıxışdırmaq planı var ki,
bu isə Türkiyənin də maraqlarına xidmət edir. Yəni burada həm
bir-birilə üst-üstə düşən, həm də bir-birilə ziddiyyət təşkil edən
məqamlar var. Bir cəbhədə dost olanlar digər cəbhədə düşmən ola
bilərlər. Bu da Yaxın Şərqin spesifik xüsusiyyətlərindən
biridir.
Ümumiyyətlə, bölgədə baş verən proseslərə sadəcə Fələstin-İsrail,
Türkiyə-İsrail kontekstindən deyil, geniş bucaqla baxmaq lazımdır.
Burada bütün ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanın
varlığını da inkar etməməliyik. Əl-Riyad zaman-zaman Ankaranın
maraqlarına zidd siyasət yürüdən bir ölkədir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri
Benyamin Netanyahu ilə keçirilən mətbuat konfransında ABŞ, İsrail
və Türkiyənin Suriya məsələsində razılığa gələ biləcəklərinə
əminliyini ifadə edib.
Netanyahu da öz növbəsində Trampdan Ərdoğanla razılığa gəlmək
məsələsində yardım istəyib.