Əsas səhifə » Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır - XİN

Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır - XİN

Bakı,AzerVoice

Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında Sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayır.

AzerVoice xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi Azərbaycanla Ermənistan arasında danışıqların yekunlaşmasını və sülh sazişinin əldə olunmasını alqışlayır və onun sabitlik və firəvanlıq üçün yeni mərhələni başladacağına ümid bəsləyir", - bəyanatda qeyd olunur.

Xatırladaq ki, iki gün əvvəl Azərbaycan XİN Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elan edib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.

İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - XİN-dən bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice