Əsas səhifə » Ukrayna humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür edir - Səfir

Ukrayna humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür edir - Səfir

Bakı, AzerVoice

Ukranya humanitar yardıma görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edir.

AzerVoice xəbər verir ki, bunu bu gün Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev humanitar yardımın elektrik avadanlıqlarından ibarət ikinci partiyasının Ukraynaya göndərilməsi məsələsini şərh edərkən bildirib.

“Ukrayna enerji sistemimizin bərpası üçün son dərəcə zəruri olan humanitar yardıma görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycanın Energetika Nazirliyinə, Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkürünü ifadə edir", - deyə səfir bildirib.

Qusev qeyd edib ki, Ukrayna bu yardımı yüksək qiymətləndirir və Azərbaycan tərəfinin göstərdiyi dəstəyi heç vaxt unutmayacaq.

“Biz İrpenin, xəstəxananın və məktəbin bərpası üçün Azərbaycan tərəfindən böyük dəstək alırıq. Hazırda azərbaycanlı tərəfdaşlarımız və dostlarımızla İrpendə yeni layihə üzərində işləyirik. Bu ildən onun gerçəkləşdirilməsinə başlayacağımıza ümid edirik”,- deyə o bildirib.

Səfirin sözlərinə görə, layihə İrpenin sosial infrastrukturunun, o cümlədən uşaqlar üçün incəsənət və idman məktəbinin bərpasını əhatə edəcək. Səfir İrpenin Laçınla qardaş şəhər olduğunu xatırladıb və şəhər merinin ötən il Azərbaycanda səfərdə olduğunu və Azərbaycanın bəzi regionları ilə Ukrayna arasında regionlararası əməkdaşlığın daha dərinləşəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlıqlarının alınması və göndərilməsi üçün 1 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

Yardımın ilk partiyası fevralın 7-də göndərilib.

Yuxarıda qeyd olunan sərəncama əsasən iki hissədən ibarət humanitar yardıma 52 min metrdən çox elektrik naqili və naqilləri, o cümlədən 17 transformator daxildir.

Digər Kateqoriyalar

2025 © Azervoice