Bakı, AzerVoice
7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services B.V."
şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar
olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "CMS
Pəhləvan", "CMS İgid" və "CMS-3" gəmiləri Süveyş kanalı
istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə
səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya
Dövlətinin ərazi sularına məcburi giriş edib.
XİN-dən AzerVoice-ə verilən məlumata görə, keçid zamanı
Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa
da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi
sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu
tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər
saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər
Azərbaycan Respublikasının vətəndaşlarıdır.
Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il
tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan
sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ
nəzarətə götürülüb.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi
sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil
etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik
Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz
vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb.
Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində
müvafiq görüşlər keçirilib.
Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də
zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq
iş davam etdirilir.