Bakı, AzerVoice
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər və onu müşayiət edən Türkiyə Silahlı Qüvvələrinin Komandanlığı Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə əlaqədar Azərbaycanın Ankaradakı səfirliyinə başsağlığı ziyarəti edib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial media hesabında qeyd edib.
Bildirilib ki, Yaşar Gülər faciəvi qəza ilə bağlı Azərbaycan səfiri Rəşad Məmmədova kədərləndiyini bildirib, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Nazir Yaşar Gülər səfirliyin başsağlığı kitabında qeyd edib :
"Azərbaycan və Türkiyə tarix boyu "bir millət, iki dövlət" anlayışı ilə birlikdə sevinc və kədər yaşayıb, çətin anlarda bir-birinə dəstək olub, nə olursa olsun çiyin-çiyinə olublar. Bu gün biz qardaş Azərbaycan xalqının yaşadığı dərin ağrıları qəlbimizdə hiss edir və eyni kədəri bölüşürük. Türkiyə olaraq bu çətin prosesdə qardaşlarımızın yanında olduğumuzu bir daha vurğulamaq istərdik".
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.