Əsas səhifə » Qardaş Azərbaycanın kədərini bölüşürük - Özbəkistan XİN rəhbəri

Qardaş Azərbaycanın kədərini bölüşürük - Özbəkistan XİN rəhbəri

Bakı, AzerVoice

Bu gün Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı qarşı tərəf, ötən gün ölkəmizin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhəri yaxınlığında uğradığı faciəvi qəza ilə əlaqədar Özbəkistan dövləti və xalqı adından başsağlığı verib.

Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Özbəkistan Respublikasının qardaş Azərbaycan Respublikası ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib.

Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəsətəyə görə qardaş Özbəkistan Respublikasına təşəkkür edib.

Qəzanın baş verdiyi ilk dəqiqələrdən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradıldığı, ölkəmizin müvafiq qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin qəza yerinə ezam olunduğu bildirilib, qəzanın fəsadlarının aradan qaldırılması, xəsarət alanlara yardım göstərilməsi üçün görülən tədbirlər barədə məlumat verilib.

Digər Kateqoriyalar

2024 © Azervoice