Bakı, AzerVoice
BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
AzerVoice-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefani Trembli bildirib.
"Baş katib Qazaxıstanın qərbində bir çox insanın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası xəbərindən dərin kədər hissi keçirir. O, həlak olanların ailələrinə səmimi başsağlığını çatdırır və hadisədən təsirlənmiş ölkələrlə həmrəyliyini ifadə edir. Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam sağalmasını arzulayır", - deyə qeyd olunub.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub", - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.