Əsas səhifə » Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələr dərinləşməyə davam edir – Qazaxıstan parlamenti Senatının katibi

Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələr dərinləşməyə davam edir – Qazaxıstan parlamenti Senatının katibi

Bakı, AzerVoice

Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələr dərinləşməyə davam edir.

AzerVoice xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darhan Kıdırali Azərbaycanın Milli Məclisində (parlament) keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.

"Prezident Kasım-Jomart Tokayev Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Cari ilin əvvəlindən etibarən müxtəlif beynəlxalq platformalarda bir neçə görüş keçirilib, bir sıra razılaşmalar və müqavilələr, eləcə də ikitərəfli sənədlər imzalanıb", – deyə o bildirib.

Onun sözlərinə görə, beynəlxalq forumlarda iştirak ikitərəfli əməkdaşlığın, o cümlədən Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) çərçivəsində qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır.

"Son olaraq, Azərbaycanı bu yaxınlarda uğurla keçirilmiş COP29 konfransı və bugünkü parlament konfransı münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bu tədbirlər münasibətlərimizin daha da möhkəmlənməsinə və irəliləməsinə töhfə verəcək", – deyə D. Kıdıralı qeyd edib.

Qeyd edək ki, konfransın gündəliyində parlamentlərin müasir qlobal proseslərdəki rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının təqdim etdiyi imkanlar və parlament müzakirələrindən doğan fikir mübadiləsinin qlobal çağırışların həllinə töhfəsi ilə bağlı müzakirələr yer alır.

Konfrans çərçivəsində "Azərbaycan və Türkiyə parlamentlərinin ictimai diplomatiya nümunələri" mövzusunda dəyirmi masa təşkil ediləcək. Həmçinin, tədbir iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri və həmin ərazilərdə aparılan tikinti və bərpa işləri ilə tanışlığı da nəzərdə tutulub.

Digər Kateqoriyalar

2024 © Azervoice