Əsas səhifə » Beynəlxalq parlament konfransının iştirakçıları Zəfər parkında olublar

Beynəlxalq parlament konfransının iştirakçıları Zəfər parkında olublar

Bakı, AzerVoice

Milli Məclisdə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda keçiriləcək beynəlxalq parlament konfransının iştirakçıları dekabrın 6-da Zəfər parkında olublar.

AzerVoice xəbər verir ki, qonaqlara Zəfər parkı barədə məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.

Qeyd olunub ki, Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

Digər Kateqoriyalar

2024 © Azervoice