Bakı, AzerVoice
Latviya Qarabağın inkişafına böyük nikbinliklə yanaşır.
AzerVoice xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Bakıda "Azərbaycan-Latviya informasiya və şəbəkə görüşü" mövzusunda keçirilən tədbir çərçivəsində bildirib.
"Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndiririk. Bu əlaqələr tarixi köklərə əsaslanır: bizim uzunmüddətli ənənələrimiz və zəngin tariximiz var. Hər iki ölkənin iş adamları və biznes icmaları qarşılıqlı əməkdaşlığa, əlaqələrimizin genişləndirilməsinə və dərinləşdirilməsinə çalışırlar.
Siyasi müstəvidə isə biz həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyimizi vurğulayırıq.
Ölkənin, regionların, eləcə də, sürətlə inkişaf edən Qarabağın gələcəyinə böyük nikbinliklə baxırıq. Əminəm ki, Qarabağ respublikanın ən gözəl regionlarından birinə çevriləcək", — deyə səfir qeyd edib.