Əsas səhifə » Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində alətə çevrilib - Qərbi Azərbaycan İcması

Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində alətə çevrilib - Qərbi Azərbaycan İcması

Bakı, AzerVoice

Qərbi Azərbaycan İcması Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan Beşinci Rəyini qınayır.

AzerVoice xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, mədəni irsin dağıdılması və qayıdış hüququnun pozulmasına səssiz qalmış Avropa Şurasının sözügedən qurumu öz rəyi ilə Azərbaycana qarşı şər və böhtandan ibarət mövqe sərgiləyir və azərbaycanlıları deportasiyaya məruz qoyaraq monoetnik ölkəyə çevrilmiş Ermənistana münasibətdə dəstəkləyici davranış nümayiş etdirir.

"Xüsusilə, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnu görməzdən gələn Avropa Şurasının bu qurumunun, indi Qarabağdan köçmüş ermənilərin qayıdış hüququndan danışması etnik və dini ayrı-seçkiliyin ən bariz göstəricisidir.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Ermənistanın insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin yerinə yetirilməsini monitorinq predmetinə çevirmək barədə Şuraya dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb.

Bundan başqa, rəyin məhz indi açıqlanması onu göstərir ki, Məşvərət Komitəsi "Freedom House" kimi qondarma qurumlar, Frank Pallone kimi korrupsioner siyasətçilər kimi COP29 kontekstində daha da güclənən anti-Azərbaycan kampaniyasına qoşulub.

Bütün bunlar isə ona dəlalət edir ki, başda Parlament Assambleyası olmaqla, Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində Azərbaycana qarşı siyasi oyunlar üçün alətə çevrilib. Qərbi Azərbaycan İcması Avropa Şurasının Nazirlər Komitəsindən, sözügedən məşvərətçi qurumun Azərbaycana qarşı qəbuledilməz siyasi oyunlarına, etnik və dini ayrı-seçkiliyinə son qoymağı tələb edir", - icmadan bildirilib.

Digər Kateqoriyalar

2024 © Azervoice