BAKI,AzerVoice
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 11-13 mart tarixlərində Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək.
AzerVoice xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
“Səfər çərçivəsində yüksək səviyyəli danışıqlar aparılacaq. Həmçinin Fransanın iri şirkətlərinin nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır,” – deyə bildirilib.
Danışıqlar zamanı ticarət-iqtisadi, investisiya və maliyyə sahələrində əməkdaşlıq məsələləri, eləcə də Fransanın aparıcı şirkətləri ilə birgə layihələrin inkişaf etdirilməsi müzakirə olunacaq.
Bundan əlavə, hökumətlərarası və sahələrarası bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Bununla yanaşı, Özbəkistan lideri YUNESKO-nun baş direktoru Odri Azulay ilə görüşərək, 2025-ci ilin payızında Səmərqənd şəhərində təşkilatın 43-cü Baş Konfransının keçirilməsinə hazırlıq məsələlərini müzakirə edəcək.