Əsas səhifə » Özbəkistan və Gürcüstan İkitərəfli Əlaqələrin İnkişafını Müzakirə Edib

Özbəkistan və Gürcüstan İkitərəfli Əlaqələrin İnkişafını Müzakirə Edib

BAKI,AzerVoice

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın Baş Naziri İrakli Kobaxidze başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzerVoice xəbər verir ki, görüşün əvvəlində yüksək səviyyəli qonaq, Gürcüstan Prezidenti Mixail Kavelashvilinin salamlarını və ən xoş arzularını Özbəkistan liderinə çatdırıb.

Görüşdə ticarət-iqtisadiyyat, investisiya, nəqliyyat-loqistika, turizm və mədəniyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Parlament və hökumət səviyyəsində əlaqələrin aktivləşdiyi xüsusi məmnuniyyətlə vurğulanıb. 2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 50% artıb, birgə müəssisələrin sayı və yük dövriyyəsinin həcmi yüksəlib. Paytaxtlar arasında birbaşa aviareyslər fəaliyyət göstərir. Özbəkistanda gürcü investorların iştirakı ilə yaradılan rəqəmsal bank fəaliyyət göstərir. Humanitar sahədə isə ötən il Tbilisidə Özbəkistan mədəniyyəti və kinosu günləri uğurla keçirilib.

Görüşdə bu günlərdə Daşkənddə baş tutan Hökumətlərarası Komissiyanın iclasının nəticələri yüksək qiymətləndirilib.

Tərəflər arasında ticarət dövriyyəsinin qorunması, ixrac və idxal balansının təmin edilməsi, sənaye kooperasiya layihələrinin irəli sürülməsi, nəqliyyat-tranzit potensialından səmərəli istifadə və iki ölkənin regionlarının iqtisadi əməkdaşlığa fəal cəlb edilməsi üçün birgə addımların atılmasının əhəmiyyəti vurğulanıb.

Xüsusilə rəqəmsallaşma və turizm infrastrukturunun inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinə diqqət yetirilib.

Görüşün sonunda Özbəkistan və Gürcüstan hökumətləri arasında yaxın əməkdaşlığın davam etdirilməsi və əldə olunan razılaşmaların həyata keçirilməsi üçün birgə fəaliyyətin gücləndirilməsi qərara alınıb.

Digər Kateqoriyalar

2025 © Azervoice