Əsas səhifə » Özbəkistan və Pakistan ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı planlaşdırır

Özbəkistan və Pakistan ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı planlaşdırır

Bakı,AzerVoice

Özbəkistan ilə Pakistan arasındakı ticarət dövriyyəsi 2 milyard dollara çatdırılacaq.

AzerVoice xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə Pakistanın baş naziri Şahbaz Şərifin Daşkənddə keçirilən danışıqları zamanı bildirilib.

İki ölkənin liderləri qarşılıqlı əməkdaşlığın mühüm məsələlərini müzakirə ediblər.

2024-cü ildə Özbəkistan ilə Pakistan arasındakı ticarət dövriyyəsinin 400 milyon dollardan çox olduğu qeyd edilib. Yaxın gələcəkdə bu göstəricinin 2 milyard dollara çatdırılması və birgə nəqliyyat-logistika şirkətinin yaradılması imkanları müzakirə edilib.

Həmçinin, güzəştli ticarət çərçivəsində məhsullar siyahısının genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə fitosanitar və gömrük prosedurlarının sadələşdirilməsi, elektron ticarət platformalarının inteqrasiyası, satınalma sistemlərinə çıxışın təmin edilməsi və banklararası hesablaşmaların inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Regionlararası işgüzar və mədəni əlaqələri canlandırmaq məqsədilə Şavkat Mirziyoyev Özbəkistanda iki ölkənin bölgələrinin forumunun keçirilməsini təklif edib.

Mirziyoyev və Şərif nəqliyyat əlaqələrinin gücləndirilməsi və tranzit potensialının artırılması məsələlərinə xüsusi diqqət yetiriblər. Son illərdə Özbəkistan-Əfqanıstan-Pakistan dəhlizi üzrə yükdaşıma beş dəfə artıb. Birgə nəqliyyat-logistika şirkətinin yaradılması və Trans-Əfqanistan dəmir yolu layihəsinin irəlilədilməsi ilə bağlı razılıq əldə olunub.

Liderlər BMT, ŞƏT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı, eləcə də terrorizmə, radikalizmə və islamofobiyaya qarşı birgə mübarizənin vacibliyini müzakirə ediblər.

Strateji tərəfdaşlıq üzrə Ali Şuranın yaradılması və onun ilk iclasının gələn il keçirilməsi barədə qərar qəbul edilib.

Digər Kateqoriyalar

2025 © Azervoice