BAKI, AzerVoice
Avropa İttifaqı ölkələrində Tesla avtomobil satışları birinci rübdə kəskin şəkildə azalıb.
AzerVoice xəbər verir ki, ABŞ-lı milyarder İlon Maska məxsus Tesla şirkətinin Avropa bazarındakı satışları ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz geriləyib.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) yayımladığı məlumata əsasən, 2024-cü ilin birinci rübündə Aİ ölkələrində 65 min 774 Tesla avtomobili satılmışdısa, bu rəqəm 2025-ci ilin eyni dövründə 36 min 167-yə düşüb. Yalnız mart ayında satışlar 28 463-dən 18 224-ə enərək 36 faiz azalma göstərib. Beləliklə, markanın bazar payı da 2,4 faizdən 1,3 faizə düşüb.
Buna baxmayaraq, Aİ-də elektrikli avtomobil satışları ümumilikdə 23,9 faiz artaraq 412 min 997 ədədə çatıb. Elektrikli avtomobillərin ümumi satışlardakı payı isə 15,2 faizə yüksəlib.
Tesla-nın satışlarındakı kəskin enişin səbəbləri sırasında İlon Maskın mübahisəli açıqlamaları və siyasi mövqeyi də göstərilir. Onun ifrat sağçı siyasətçilərə verdiyi dəstək və sosial şəbəkələrdəki davranışları Avropada şirkətə olan münasibəti mənfi yöndə dəyişib.
Qeyd edək ki, Tesla 2020-ci illərin əvvəlindən etibarən Avropa bazarında elektrikli avtomobillərə olan tələbin artması ilə sürətli yüksəliş yaşamışdı. Lakin son dövrlərdə Çin və Avropa istehsalçılarının güclənməsi, yerli bazarların rəqabət qabiliyyətinin artması və siyasi mübahisələr Tesla-nın bu regiondakı mövqeyinə mənfi təsir göstərməkdədir.