Əsas səhifə » 35 illik Hubble teleskopundan nadir şəkillər

35 illik Hubble teleskopundan nadir şəkillər

BAKI, AzerVoice

Hubble Kosmik Teleskopu 35 illik yubileyini dörd möhtəşəm kosmik fotoşəkillə qeyd edir

AzerVoice xəbər verir ki, NASA və Kosmik Teleskopu Elm İnstitutu Hubble Kosmik Teleskopunun 35-ci ildönümü münasibətilə dörd yeni görüntü yayımlayıb.

Şəkillərdə Marsdan tutmuş qalaktikalara qədər bir çox kosmik obyekt əks olunub.

1990-cı ildə kosmosa buraxılan və kainatın sirlərini açmaqda mühüm rol oynayan Hubble, bu dəfə Marsın Tharsis yaylasını, Rozet Dumanlığının ulduz əmələ gətirən hissəsini, NGC 2899 planetar dumanlığını və spiral formalı NGC 5335 qalaktikasını təsvir edən görüntülərlə elm dünyasına töhfə verib.

NASA-nın Astrofizika Bölməsinin direktoru vəzifəsini icra edən Şon Domaqal-Qoldman bildirib ki, Hubble bu illər ərzində 55 minə yaxın göy cismini müşahidə edib və 22 mindən çox elmi məqalənin əsas mənbəyi olub.

Qeyd edək ki, teleskop 1993-cü ildəki texniki xidmətlə əsas görüntü qüsurunu aradan qaldırdıqdan sonra qara dəliklər, qaranlıq enerji və ekzoplanetlər haqqında saysız kəşflərə imza atıb.

Qeyd edək ki, Hubble-ın mirasını James Webb Kosmik Teleskopu davam etdirir. 2040-cı illərdə isə onun yerini Yaşayan Dünyalar Rəsədxanası adlı daha inkişaf etmiş teleskopun alması planlaşdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice