BAKI, AzerVoice
Bu həftə səmada planetlərin “gülən üz” düzülüşü görünəcək.
AzerVoice xəbər verir ki, NASA Ay,
Venera və Saturnun bu həftə səma panoramasında qısa müddətlik
“gülər üz” formasında düzüləcəyini açıqlayıb.
Nadir astronomik hadisə cümə günü səhər saatlarında təxminən bir
saat davam edəcək və dünyanın bir çox yerindən müşahidə edilə
biləcək.
Bu düzülüş zamanı incə aypara şəklində olan Ay “ağız”ı, parlaq Venera və solğun Saturn isə “gözləri” təmsil edəcək. NASA-nın Günəş Sisteminin səfiri Brenda Culbertson bu səma mənzərəsini “çox təsir edici və gülümsəyən bir görüntü” kimi xarakterizə edib.
Qeyd edək ki, hadisə şərq üfüqünə yaxın baş verəcəyi üçün müşahidə üçün aydın hava və açıq üfüq xətti vacibdir. NASA əlavə edib ki, bəzi bölgələrdə Merkuri planetini də parlaq şəkildə görmək mümkün olacaq.
Bundan əlavə, bu həftə eyni zamanda illik Lira (Lyra) meteor yağışı da baş verəcək. Yer kürəsi Tetçer kometasının buraxdığı hissəcik buludundan keçərkən, çərşənbə axşamı gecəsindən başlayaraq saatda təxminən 15 meteorun müşahidə ediləcəyi gözlənilir.
Milli Meteoroloji Xidmət müşahidəçilərə şəhər işıqlarından uzaq, qaranlıq bir ərazidə arxası üstə uzanaraq şərq səmasına baxmağı tövsiyə edib.