Əsas səhifə » 124 işıq ili uzaqlıqda yaşana biləcək planet kəşfi

124 işıq ili uzaqlıqda yaşana biləcək planet kəşfi

BAKI, AzerVoice

James Webb teleskopu kosmosda həyatın mümkün izlərini aşkarlayıb.

AzerVoice xəbər verir ki, alimlər Yerdən 124 işıq ili uzaqlıqdakı K2-18b adlı ekzoplanetin atmosferində həyatın mümkün əlamətləri sayılan kimyəvi maddələr aşkarlayıblar.

Bu maddələrdən ən önəmlisi dimetil sulfid (DMS) və ehtimal olunan dimetil disulfid (DMDS) olub. Yer üzündə bu maddələr yalnız okeanlardakı mikroskopik canlılar tərəfindən istehsal olunur.

Kembric Universitetindən prof. Nikku Madhusudhanın rəhbərlik etdiyi araşdırma qrupu bu kəşfin bioloji aktivliyin göstəricisi ola biləcəyini deyir. Lakin alimlər ehtiyatlı mövqe sərgiləyərək, bu kimyəvi izlərin qeyri-bioloji proseslərlə də əmələ gələ biləcəyini istisna etmirlər.

Qeyd edək ki, K2-18b planeti hidrogenlə zəngin atmosferə və okeanla örtülü səthə malik ola bilər. Bu tip planetlər “Hycean Earths” adlanır və yaşayış üçün potensial daşıdığı hesab olunur. Planet həm də ulduzuna olan məsafəsinə görə “yaşayış zonasındadır” – yəni səthində maye suyun mövcudluğu üçün əlverişli istilik şəraiti var.

Tədqiqatçılar əlavə müşahidələrlə – xüsusilə də 16-24 saatlıq yeni Webb teleskopu məlumatları ilə nəticələrin dəqiqləşdirilə biləcəyini bildirirlər. Bu kəşfin həyəcan verici olduğunu qeyd edən mütəxəssislər, qəti nəticə üçün illərlə vaxt lazım ola biləcəyini də vurğulayırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice