BAKI, AzerVoice
Çində humanoid robotlar insanlarla marafonda yarışıb.
AzerVoice xəbər verir ki, Pekinin
texnoloji mərkəzi Yizhuang bölgəsində keçirilən dünyanın ilk
insanabənzər yarım marafonunda 20-dən çox ikiayaqlı robot 12 min
insanla birlikdə yarışıb.
Robotlar 21 kilometrlik marşrutu keçərək texnoloji imkanlarını
nümayiş etdiriblər. Finişə birinci çatan, Pekin İnsanabənzər Robot
İnnovasiya Mərkəzinin yaratdığı "Tiangong Ultra" adlı robot olub.
O, məsafəni 2 saat 40 dəqiqəyə tamamlayıb.
Yarış robot texnologiyası sahəsində ABŞ və digər ölkələrlə rəqabətdə Çinin irəliləyişlərini göstərmək məqsədi daşıyıb. Dövlətin təşviq etdiyi bu təşəbbüs süni intellekt və robotların kütləvi istehsalına keçid planlarının bir hissəsidir.
Qeyd edək ki, marafon zamanı robotlar insan kimi su içməsələr də, enerji üçün batareyalarını dəyişdiriblər. Hər batareya dəyişimi 10 dəqiqəlik cəza ilə nəticələnib. Yarış zamanı bəzi robotlar yıxılma riski daşıdığı üçün köməkçi müşayiəti ilə qaçıblar və bəziləri uzaqdan idarə olunub.