Əsas səhifə » Google-un reklam sahəsində gücü məhdudlaşdırıla bilər

Google-un reklam sahəsində gücü məhdudlaşdırıla bilər

BAKI, AzerVoice

ABŞ-da məhkəmə Google-un reklam bazarında inhisar yaratdığını təsdiqləyib.

AzerVoice xəbər verir ki, ABŞ federal məhkəməsi texnologiya nəhəngi Google-un onlayn reklam texnologiyaları bazarında rəqabəti qeyri-qanuni şəkildə pozduğuna dair qərar verib.

ABŞ-ın Virciniya ştatında fəaliyyət göstərən federal hakim Leonie Brinkema, Google-un reklam serverləri və reklam mübadiləsi platformaları sahəsində bazar gücünü məqsədli şəkildə inhisara çevirdiyini bildirib. Lakin qərarda Google-un reklam şəbəkələri bazarında inhisar yaratmadığı vurğulanıb.

Qərar Google-un bəzi reklam texnologiyası bölmələrinin bölünməsi ehtimalını gündəmə gətirir. Ədliyyə Departamenti şirkətin “Google Reklam Meneceri” bölməsindən – yəni həm naşir serverlərindən, həm də reklam mübadiləsi platformasından imtina etməsini tələb edir.

Google-un vitse-prezidenti Lee-Anne Mulholland qərardan narazılığını bildirərək məhkəmənin qərarını qismən qəbul etdiklərini və digər hissəsinə qarşı apellyasiya şikayəti verəcəklərini açıqlayıb. O, Google-un reklam texnologiyalarının effektiv və sərfəli olduğunu müdafiə edib.

Məhkəmə rəqabətin bərpası üçün yeni iclasların keçiriləcəyini və bu çərçivədə Google-un aktivlərinin bir qismini satmaq məcburiyyətində qala biləcəyini qeyd edib.

Qeyd edək ki, ABŞ-da Google-a qarşı iki ayrı antimonopoliya məhkəməsi aparılır. Gələn həftə Vaşinqtonda keçiriləcək dinləmədə isə Google-dan Chrome brauzerini satması və axtarış bazarındakı hökmranlığına son qoyması tələb oluna bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice