BAKI, AzerVoice
İngiltərə hökuməti, Avropadan qayıdan turistlərin ölkəyə ət və süd məhsulları gətirməsini qadağan edən yeni qərar qəbul edib.
AzerVoice xəbər verir ki, yeni qaydalar, minlərlə britaniyalının Pasxa tətili üçün Avropaya səfər etməyə hazırlaşdığı dövrdə qüvvəyə minib.
Qərara əsasən, İngiltərəyə dönən sərnişinlər artıq mal, donuz, qoyun, maral və keçi əti ilə yanaşı süd məhsullarını da ölkəyə gətirə bilməyəcəklər. Yeni tətbiq, Fransadan alınan bir pendir və ya Almaniyadan gətirilən sosiska kimi simvolik hədiyyə qidaları da əhatə edir.
“Bu hökumət, britaniyalı fermerləri şap xəstəliyindən qorumaq üçün nə lazımdırsa edəcək. Fərdi ət və süd məhsulu idxalına qoyulan yeni məhdudiyyətlər vasitəsilə bu xəstəliyin yayılmasının qarşısını almağı və ərzaq təhlükəsizliyimizi qorumağı hədəfləyirik”- deyə İngiltərənin Kənd Təsərrüfatı naziri Daniel Zeichner açıqlamasında bildirib.
Yeni qaydaların pozulması halında, bəyan edilməmiş ət və süd məhsulları sərhəd təhlükəsizlik xidmətləri tərəfindən müsadirə olunaraq məhv ediləcək. Qaydaları pozan sərnişinlər 5 min funt sterlinə qədər cərimə və ya məhkəmə prosesi ilə üzləşə bilərlər.