BAKI, AzerVoice
Microsoft-un keçmiş əməkdaşları şirkətin İsrailə verdiyi dəstəyə qarşı çıxaraq Qəzzada baş verənlərdə şirkətin rolunu ifşa ediblər.
AzerVoice xəbər verir ki, Microsoft-un
süni intellekt sahəsində çalışan Vaniya Aqraval və İbtihal Əbusəd
şirkətin İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlarda
roluna etiraz etdikdən sonra işdən ayrılıblar.
Onlar Microsoft-un İsrail ordusuna texnologiya təmin etməklə
minlərlə insanın ölümünə dolayı yolla səbəb olduğunu
bildiriblər.
Şirkətin 50 illik yubiley tədbiri zamanı çıxış edən Aqraval və Əbusəd, Microsoft rəhbərliyini və tədbirə qatılan Bill Qeyts, Stiv Ballmer və Satya Nadellanı açıq şəkildə tənqid ediblər. Aqraval bildirib ki, Microsoft-un Qəzzada 50 min insanın ölümündə texnoloji dəstək vasitəsilə rolu olub.
Qeyd edək ki, etirazlar nəticəsində hər iki əməkdaş şirkətin daxili sistemlərinə məktub göndərərək əməkdaşlıq təfərrüatlarını bölüşüb. Aqraval şirkətin əməkdaşlarının etirazlarını susdurduğunu, daxili sistemlərdə mesajların və sualların silindiyini, rəhbərlik tərəfindən görməməzliyə vurulduğunu qeyd edib.
Buna baxmayaraq, bir çox işçinin status mesajları, avtomatik cavablar və işdən çıxmaqla həmrəylik nümayiş etdirdiyi bildirilib.
O, həmçinin “Apartheid üçün Azure yox” kampaniyasına davam edəcəyini və texnoloji işçiləri haqsızlıqlara qarşı səs qaldırmağa çağırdığını bəyan edib.