BAKI, AzerVoice
James Webb teleskopu K2-18b planetində həyat ehtimalını artıran kimyəvi izlər aşkar edib.
AzerVoice xəbər verir ki, NASA-ya
məxsus “James Webb” Kosmik Teleskopu Yerdən yüzlərlə işıq ili
uzaqlıqda yerləşən K2-18b adlı planetin atmosferində həyatla
əlaqəli ola biləcək kimyəvi maddələrin – dimetil sulfid (DMS) və
dimetil disulfid (DMDS) – izlərini müəyyən edib.
Bu molekullar Yer üzündə yalnız fitoplankton və dəniz bakteriyaları
tərəfindən istehsal olunur.
İngiltərənin Kembric Universitetindən professor Nikku Madhusudhan rəhbərlik etdiyi tədqiqat qrupu bu siqnalların kainatda həyatın izlərinə dair indiyədək tapılmış ən güclü dəlil ola biləcəyini bildirib. Lakin o da qeyd edib ki, nəticələr hələ yekun deyil və təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac var.
Qeyd edək ki, K2-18b planeti Yer kürəsindən 2,5 dəfə böyükdür və təxminən 700 trilyon mil məsafədə yerləşir. Bəzi alimlər bu planetin səthində nəhəng maye okeanların ola biləcəyini ehtimal etsələr də, digər tədqiqatçılar onun qaz nəhəngi olma ehtimalını irəli sürürlər. Elmi müzakirələr davam edir və nəticələr “The Astrophysical Journal Letters” jurnalında dərc olunub.