BAKI, AzerVoice
ÜST gələcək pandemiyalara qarşı mübarizə üçün tarixi razılaşmaya imza atıb
AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr, üç ildən çox davam edən danışıqlardan sonra gələcək pandemiyalara daha hazırlıqlı olmaq məqsədilə əlamətdar saziş layihəsi üzrə razılığa gəliblər.
Bu razılaşma may ayında keçiriləcək Ümumdünya Səhiyyə Assambleyasında təsdiq edilməlidir. Sazişin əsas məqsədi qlobal səhiyyə təhlükəsizliyini artırmaq və epidemiyalara qarşı kollektiv müdafiəni gücləndirməkdir.
ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus bu razılığı "tarixi nailiyyət" adlandıraraq , “Nümayəndələr yalnız Pandemiya Konvensiyasını qəbul etmədilər, həm də bölünmüş bir dünyada ortaq məqsəd uğrunda birlik nümayiş etdirdilər” - deyə bildirib.
Sənədin qəbulunda əsas müzakirə predmetlərindən biri inkişaf etməkdə olan ölkələrə sağlamlıq məhsullarının texnologiya transferi olub. Bu məsələ xüsusilə COVID-19 dövründə zəngin ölkələrin peyvənd və tibbi avadanlıqları inhisara alması fonunda aktualdır.
Qeyd edək ki, Cenevrədə keçirilən danışıqlarda yekun razılaşma yerli vaxtla saat 01:58-də əldə olunub. Ekspertlər pandemiyanın fəsadlarından sonra dünyada səhiyyə sisteminin daha hazırlıqlı olduğunu desə də, yeni pandemiyalarla effektiv mübarizə üçün atılacaq addımların hələ də vacib olduğunu bildirirlər.