BAKI, AzerVoice
Alyaskada vulkan xəbərdarlığı - Spurr dağında püskürmə riski artır.
AzerVoice xəbər verir ki, Alyaskada
yerləşən Spurr vulkanında seysmik aktivliyin artması bölgədə
narahatlığa səbəb olub.
Alyaska Vulkan Rəsədxanasının (AVO) açıqlamasına görə, dağda son
günlər ardıcıl olaraq dayaz və kiçik zəlzələlər qeydə alınıb.
Rəsədxana vulkanın altında maqmanın hərəkət etdiyini və bu prosesin ətrafdakı qayalarda gərginlik yaradaraq çatlara və zəlzələlərə səbəb olduğunu açıqlayıb.
Vulkanın püskürmə ehtimalı ilə bağlı verilən xəbərdarlıqdan sonra Alyaskada yaşayan təxminən 300.000 nəfər qoruyucu vasitələr toplamağa başlayıb. Ən böyük narahatlıq isə püskürmə zamanı havaya qalxacaq külün yaşayış məntəqələrinə doğru sovrulması riskidir.
Qeyd edək ki, Spurr dağı Alyaskanın ən aktiv vulkanlarından biridir və onun püskürməsi bölgədə hava keyfiyyəti və nəqliyyat baxımından ciddi fəsadlara səbəb ola bilər. AVO vəziyyəti yaxından izlədiyini və əhalini rəsmi xəbərdarlıqları diqqətlə izləməyə çağırdığını bildirib.