BAKI, AzerVoice
Avropa 2024-cü ildə ən rekord istiləri yaşayıb.
AzerVoice xəbər verir ki, Avropa İttifaqının peyk monitorinq sistemi Copernicus və Dünya Meteorologiya Təşkilatının (WMO) birgə təqdim etdiyi "Avropa İqlim Durumu 2024" hesabatına əsasən, qitə tarixində ən isti ili yaşayıb.
Hesabatda bildirilir ki, Avropa “ən sürətlə istiləşən qitə” statusunu qoruyaraq, xüsusilə mərkəzi, şərq və cənub-şərq bölgələrində rekord temperatur qeydə alıb. Aralıq dənizində suyun temperaturu orta səviyyədən 1,2 dərəcə yüksək olub ki, bu da tarixə rekord göstərici kimi düşüb.
İqlimdəki dəyişikliklər regionlar arasında ciddi təzadlara səbəb olub. Şərqi Avropa yay aylarında kəskin quraqlıq və yüksək temperaturla üzləşərkən, Qərbi Avropa isə isti, lakin rütubətli hava şəraiti ilə yadda qalıb. Qərb bölgələrində 1950-ci ildən bəri ən nəm dövrlərdən biri yaşanıb.
Qeyd edək ki, fırtına və daşqınlar nəticəsində qitədə 413 min nəfər zərər çəkib, azı 335 nəfər həlak olub. Portuqaliyada sentyabr ayında baş verən meşə yanğınları isə bir həftə ərzində 1100 kvadrat kilometr ərazini külə döndərib. Hesabata görə, 2024-cü il ərzində 42 minə yaxın insan meşə yanğınlarından birbaşa təsirlənib.