BAKI, AzerVoice
B qripi beyinə zərər verə bilər – mütəxəssislər yaz aylarında artan risklər barədə xəbərdarlıq edirlər.
AzerVoice xəbər verir ki, havaların
qəfil dəyişməsi nəticəsində yaz aylarında B qripi hallarında ciddi
artım müşahidə olunur.
Bu tip qrip xüsusilə uşaqlarda ürəkbulanma, qusma, ishal və yüksək
hərarətlə müşayiət olunur və beyinə keçərsə, ensefalit və qıcolma
kimi ağır fəsadlara yol aça bilər.
Mütəxəssislər qeyd edir ki, A qripi daha çox qış aylarında yayılır, yaz mövsümündə isə B qripi üstünlük təşkil edir. “Hazırda B qripi mövsümündəyik. Bu virus beyinə təsir edib, qıcolma və pnevmoniyaya səbəb ola bilər. Bu səbəbdən qoruyucu tədbirlərə xüsusi diqqət göstərilməlidir,” – deyə vurğulanıb.
Belə ki, yüksək hərarətin iki gündən artıq davam etməsi, halsızlıq, baş ağrısı, şiddətli ürəkbulanma və ishal kimi simptomlarda mütləq həkimə müraciət edilməsi gecikdirilməməlidir.
Qeyd edək ki, mütəxəssislər bu cür halların qarşısını almaq üçün təmizlik və gigiyenaya ciddi riayət edilməsini, immuniteti güclü saxlamaq üçün balanslı qidalanma, bol maye qəbulu və kifayət qədər istirahətin zəruri olduğunu bildirirlər. Xüsusilə yaşlılar və xroniki xəstəliyi olanlar üçün maska istifadəsi tövsiyə edilir.